Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə olan beş günlük tətil zamanı Azərbaycanın milli parklarına 1884 turist səfər edib.

Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib. Ölkə vətəndaşları və qonaqlar tətillərdə, bayram günlərində milli parklarda gəzintiyə üstünlük verir və bu səbəbdən ziyarətçilərin sayı nəzərə çarpacaq dərəcədə artıb. Bayram tətili günlərində Göygöl və Şahdağ milli parklarını daha çox turist ziyarət edib. Bu da əsasən yüksək dağlıq ərazilərdə müşahidə olunan qarlı hava şəraiti ilə bağlıdır.

Eyni zamanda, ölkəmizin füsunkar guşələrində yerləşən milli parkların təbliği, orada təşkil olunan maarifləndirici tədbirlər, milli parklardan bütün fəsilləri əhatə edən və biomüxtəlifliyi əks etdirən maraqlı, rəngarəng video və fotogörüntülər də gözəl təbiət ərazilərimizə olan marağı ilbəil artırır.