“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Analitik qrup”u 2022-ci ilin ilk rəy sorğusunu keçirib.

Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, sorğu 13-16 yanvar tarixlərində stasionar telefonlara zənglə təsadüfi seçilən 100 respondent arasında baş tutub.

“AzTV-də hansı proqram sizə daha maraqlı gəlir?” sualına 18 faiz respondent “Diriliş. Ərtoğrul” cavabını verib. “Belə-belə işlər” layihəsinə maraq göstərənlər 13 faizdir.

“Yüz ilin sirləri” verilişini bəyənənlərlə “Sözümüz imzamızdır” layihəsinə baxanlar bərabər olub. Onlar respondentlərin 11 faizini təşkil edir.

Siyahıda 4 və 5-ci yerləri “AzTV Xəbər”lə “Həftə” verilişləri bölüşdürür. Xəbərləri “AzTV Xəbər”dən alanlar 10 faiz, həftənin yekununu “Həftə”dən izləyənlər isə 9 faizdir.

“AzTV-də hansı efir simasını tanıyırsınız?” sualına cavab verənlərin 20 faizi TV-nin bölgə müxbiri Elnur Tofiqin adını çəkib. 18 faiz səslə Pərviz İmranoğlu ikinci yerdədir. Hüseyn Cavadzadə 15 faiz, Vüsal Mətləb 13 faiz, Rövşən Məmmədov isə 12 faiz səs toplayıb.

 “QSC-nin nəzdində fəaliyyət göstərən media subyektlərindən hansına daha çox vaxt ayırırsınız?” sualının cavabı isə aşağıdakı kimidir:

1.      AzTV – 38 %

2.      Mədəniyyət TV – 32 %

3.      İdman TV – 27 faiz

4.      Azərbaycan Radiosu (105 FM) – 3 faiz

Sorğuda iştirak edənlər AzTV-də görmək istədikləri tanınmış simaların da adlarını çəkiblər.

24 faiz respondent deyib ki, Natavan Osmanlının AzTV-də veriliş aparıcısı olmasını istəyir. ARB-24-ün əməkdaşı Şəhla Vəliyevanı AzTV-də görmək istəyənlər isə 15 faiz təşkil edir. Real TV-nin aparıcısı Elnarə Təhməzova sorğuda 11 faiz səslə 3-cü yerdədir. İTV-nin aparıcısı Jalə Həsənli ilə Xəzər TV-nin aparıcısı Leyla Quliyevanın Azərbaycan Televiziyasına transferini istəyənlər isə 9 faiz təşkil edir.

AzTV-nin xəbər verilişlərinin ən çox izləniləni “AzTV Xəbər”in 20:00 buraxılışı olub. Respondentlərin 21 faizi gündəlik xəbərləri məhz bu buraxılışdan aldıqlarını deyiblər. 14:00 buraxılışı isə 18 faiz respondent səsi ilə ikinci yerdədir. 16:00 buraxılışı 17 faiz, 10:00 buraxılışı 15 faiz respondentin seçimi olub.

“Novosti”yə baxanlar isə 11 faiz təşkil edir.

Respondentlər QSC-nin fəaliyyətini daha çox “Facebook”dan izləyir. Onların 46 faizi belə deyib. Respondentlərin 30 faizi qurumun fəaliyyətini “Instagram”dan, 17 faizi “Telegram”dan, 7 faizi isə “Twitter”dən izlədiyini dilə gətirib.

38 faiz respondent deyib ki, AzTV-nin, əsasən, saat 20:00-22:00 aralığında izləyir. Saat 12:00-dan 14:00-a kimi izləyənlər isə 21 faiz təşkil edir. 18:00-20:00, 10:00-12:00 saat aralıqları da müvafiq olaraq AzTV-nin çox izlənilən vaxtlarıdır.

100 respondentin 13 faizi Yeni il proqramını AzTV-də izləyənlərdir. Sorğu iştirakçılarının 30 faizi ATV-nin, 22 faizi ARB-nin, 20 faizi Xəzər TV-nin, 10 faizi isə İTV-nin Yeni il proqramını izləyib.

Respondentlərə “Mədəniyyət” kanalı ilə bağlı da suallar verilib.

“Mədəniyyət TV-də hansı efir simasını tanıyırsınız?” sualına sorğu iştirakçılarının 35 faizi Həcər Ağayeva, 19 faizi Nəcibə Əlixanova və Səbinə Bayramova, 15 faizi Nuray Mustafa, 8 faizi isə Güldəstə Nəsibova və Səbinə Öz cavabını verib.

Sözügedən kanalın ən çox baxılan proqramları isə aşağıdakı kimidir:

1.      “Mədəniyyət xəbərləri” – 42%

2.      Bədii-sənədli filmlər – 19%

3.      “İmtahan” – 15%

4.      “Nəcib söhbətlər” – 8%

5.       “Dərs saatı” – 4%

Sorğu iştirakçıları İdman TV-nin ən tanınmış simaları siyahısını aşağıdakı kimi müəyyənləşdirib:

1.      Fuad Eldarov – 50 %

2.      İqbal Aslanov – 18%

3.      Tural Məmmədli – 14%

4.      Fuad Quluzadə - 9%

5.      Könül Mahmudova, Mehriban Əhmədova – 5%

“İdman” kanalının hansı verilişi sizə daha maraqlı gəlir?” sualına cavab verən respondentlərin 45 faizi “İdman xəbərləri” cavabını verib.

32 faiz sorğu iştirakçısı “İdman səhər”i izləyir. 9 faiz respondent “Bilinməyən mən”ə, 5 faizi isə “Telefitnes”ə, digər 5 faizi isə “Sport 103”ə baxdığını deyib.

Qeyd edək ki, rəy sorğusunun nəticələri ilə əlaqədar təqdim etdiyimiz hesabat ixtisarla dərc olunub. Nəticələrin rəy çoxluğuna görə ilk beşlikdə yer tutanları açıqlanıb.