Oktyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fərman Salmanov adına Elm və Tədris Mərkəzinin açılış mərasimi keçirilib.
Mərasimdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev, Rusiya Federasiyasının Bakıdakı səfiri Mixail Boçarnikov və digər çıxış edənlər görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru Fərman Salmanovun nəhəng neft və qaz yataqlarının kəşf edilməsində müstəsna xidmətlərindən danışıblar.
Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı və SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə tərəfindən elm və təhsil sahəsində əməkdaşlığa dair saziş imzalanıb.
Prezident İlham Əliyevin Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında 2019-cu il 9 iyul tarixli Sərəncamına əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, ən yüksək göstəriciləri olan Qaz-neft mədən fakültəsinin 2 nəfər tələbəsinə “Fərman Salmanov adına təqaüd” təqdim olunub.
Rusiya nümayəndə heyəti Fərman Salmanov adına Elm və Tədris Mərkəzinə görkəmli alimin barelyefini hədiyyə edib.