“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də Yeni Azərbaycan Partiyasının (YAP) təsis iclası keçirilib.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rəfail Gülməmmədov və QSC-nin sədri Rövşən Məmmədov iştirak ediblər.

İclasda çıxış edən R.Məmmədov YAP-ın inkişaf yolundan danışaraq bildirib ki, başlanğıcını 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvan Muxtar Respublikasında təsis konfransından götürən bu işıqlı yol bizi bugünkü müstəqilliyimizə qovuşdurub: “Yeni Azərbaycan Partiyası qısa müddət ərzində ümumxalq partiyasına çevrildi. Yarandığı gündən bu günə qədər YAP çox böyük, şərəfli və uğurlu yol keçib. Bu gün Partiyanın sıralarında 800 minə yaxın üzv var və bu say gündən-günə artmaqda davam edir. Yeni Azərbaycan Partiyasının xarici əlaqələri də çox genişdir və bu əlaqələr daha da genişlənir. Partiyanın ölkə daxilində mövqeləri çox möhkəmdir”.

Özünün də YAP üzvü olduğunu deyən Rövşən Məmmədov qeyd edib ki, bu Partiya, demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir: “Bir sözlə, Yeni Azərbaycan Partiyası sözün əsl mənasında ümumxalq partiyasıdır. Bu gün Azərbyacan Televiziyasında partiyanın sıralarında yer almaq istəyən yüzlərlə insan var”.

Muxtar Nağıyev və Rəfail Gülməmmədov Partiya üzvlərinin iştirakı ilə keçirilən iclasda hər kəsə uğurlar arzu edərək Azərbaycan Televiziyasında yaradılan Yeni Azərbaycan Partiyasının prosedur qaydalarını izah edib.

Sonra üzvlər arasında səsvermə keçirilərək Azərbaycan Televiziyasında illərdir fəaliyyət göstərən və partiyanın sıralarında yer alan Elnur Orucov sədr seçilib. Ərazi partiya təşkilatının yeni sədri ona göstərilən etimada görə təşəkkürünü bildirib və vurğulayıb ki, bu gün Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu daha da möhkəmləndirir.

İclasda, həmçinin cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.