14 fevral Azərbaycanda ilk milli televiziyanın – Azərbaycan Televiziyasının yayıma başladığı gündür.

1956-cı ilin bu günü ekranda gənc aktrisa Nəcibə Məlikova göründü. Çıxışını “Göstərir Bakı!” kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi.

Bu gün həmin gündən 66 il keçir.

Ölkədə tanınmış şəxslər Azərbaycan Televiziyasının bugünkü fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Onlardan bəzilərini təqdim edirik:

Əməkdar jurnalist Qulu Məhərrəmli: “AzTV-nin yeni rəhbərliyi bu kanalın ənənəsini bərpa eləməyə çalışır. Ciddi rəqabət mühiti hiss olunur.

“AzTV Xəbər”i diqqətlə izləyirəm. Bu kanalın çərçivələri daxilində operativdirlər. Gənc reportyorlar üzə çıxıb. Amma qəlibləşmiş tendensiya müşahidə olunur, imtina edilsə, yaxşı olar.

Xəbərdəntörəmə proqramlara baxıram. “Əsas məsələ” AzTV-nin ən uğurlu layihəsidir. Maraqlı və canlı müzakirələr olur. Lakin bəzən eyni qonaqların dəvət olunması dinamikliyi azaldır.

Radioya daha çox diqqət ayrılmalıdır. Xəbərlərə əl gəzdirilməli, radiotamaşalar bərpa olunmalıdır. “Bulaq” verilişi Azərbaycan Radiosunun ənənələrindəndir. Daha çox diqqətə layiqdir. Şeir radiodan bir qədər aralı düşüb, onu qaytarmaq lazımdır.

Parlaq fərdlərin milli radioya gətirilməsinə ehtiyac var”.

Xalq artisti Ramiz Həsənoğlu: “AzTV son üç ildə özünün yeni bir mərhələsini yaşayır.

Bu, həm ictimai-siyasi, həm musiqili, həm bədii proqramlara aiddir.

AzTV-nin hazırda gördüyü işləri bir sözlə ifadə etməli olsaydıq, onun adını “Axtarış” qoyardım. Bu sahədə uğurlarımız da var. Ola bilər ki, bütün işlərdə uğur bizimlə olmasın, amma axtarış gedirsə, cəhd olunursa, qapı açılacaq.

Mən AzTV-nin informasiya proqramlarını izləyirəm. Çox maraqlıdır. “Həftə” proqramına baxıram. “Əsas məsələ”ni vurğulamadan keçmək olmaz. “Obyektiv” verilişi də son vaxtların ən yaxşı layihələrindəndir. Bunlar hamısı tamaşaçını ekran ətrafında toplayır.

AzTV-nin bədii yaradıcılıq sahəsində də görəcəyi işlər çoxdur”.

Təhsil eksperti Kamran Əsədov: “Son illərdə AZTV-də müsbətə doğru çox ciddi dəyişikliklər olub.

Bu dəyişikliklər təkcə çəkiliş studiyalarındakı dekorasiyalarda deyil. Verilişlərin məzmunundan tutmuş TV-nin bütün fikirlərə açıq olmasına qədər hər şeyin dəyişdiyini görmək olar.

Həqiqətlərimizin dünyaya çatdırılmasında, gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında AzTV-nin rolu böyükdür, xidməti misilsizdir.

Azərbaycan tamaşaçısı ən operativ xəbəri AzTV-dən alır, ən doğru təhlilləri AZTV-nin efirində ekspertlərin iştirakı ilə keçirilən müzakirələrdə eşidir.

AzTV indi hər evdə izlənilən kanala çevrilib”.

Əməkdar jurnalist Şəlalə Həsənova: “Azərbaycan Televiziyasında dəyişikliklər başlayanda bu kanalı diqqətlə izləyirdim. İcmal verilişləri, xəbər proqramlarındakı dəyişiklikləri xüsusi vurğulamalıyam.

Xüsusən, “Həftə” ictimai-siyasi proqramını izləyirəm. Həftə ərzində baş verən hadisələrlə bağlı geniş, təfərrüatlı şərhlər təqdim olunur.

Gənclər üçün verilişlərə diqqət ayrılır. Bu xüsusda “Gəncsən” verilişini vurğulamalıyam. Tamaşaçı sözügedən verilişdə maraqlı müzakirələrin şahidi olur. Gəncləri tərəqqiyə, təkamülə sövq edən müzakirələrin faydasını xüsusi qeyd etmək istərdim.

AzTV rəhbərliyi başda olmaqla yolu AzTV-dən keçmiş hər kəsi təbrik edirəm!”

Əməkdar mədəniyyət işçisi Rəşad Məcid: “AzTV hazırkı gərgin rəqabət şəraitində öz öncüllüyünü qoruyub saxlayır. Azərbaycan Prezidentinin fəaliyyətini ən yaxşı işıqlandıran kanaldır.

Kanalda analitik-informasiya proqramlarını, xüsusən, Rövşən Məmmədovun aparıcısı olduğu “Həftə”ni ictimai-siyasi proqramlar içində yüksək qiymətləndirirəm.

Yunis Orucovun təqdimatında yayımlanan “Jurnalist araşıdırması” TV məkanında çox fərqli və səviyyəli verilişdir. Təəssüf ki, peşəkar araşdırma janrında verilişlərə az rast gəlirik. Bu baxımdan verilişi yüksək qiymətləndirirəm.

Həmid Herisçi və İlhamiyyə Rzayevanın apardığı “Gec də olsa” verilişi də maraqlıdır, baxıram.

Canlı yayımlanan proqramları, “Gün başladı”nı vurğulamalıyam.

AzTV tək deyil. “Mədəniyyət” və “İdman” kanallarını da izləyirəm. Hər üç kanalda verilişlərin səviyyəsini yüksək dəyərləndirirəm”.

Xalq artisti Cahangir Novruzov: “Əziz Azərbaycan Televiziyası və Azərbaycan Radiosu! Biz ailə olaraq - Cahangir Zeynalov, Nəsibə xanım və mən sizin tezliklərinizlə Azərbaycan tamaşaçısının qarşısına çıxmışıq, tanınmışıq. Buna görə sizə təşəkkür edirik!

100 yaşa, 1000 yaşa, Azərbaycan Televiziyası! Yeni yaşın mübarək!”