Bu gündən vaksin sertifikatına dair tələblər dəyişib.

COVID-19-a qarşı peyvəndin 2-ci dozasının üzərindən 6 ay keçmiş yaşı 18-dən yuxarı şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilmir. “COVID-19 sertifikatı”nın etibarlılıq müddəti koronavirusa qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin “buster” dozasını aldıqda müddətsiz olacaq.

İndiyə qədər qüvvədə olan qərara əsasən, etibarlılıq müddəti COVID-19 virusuna yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını 56 gün ərzində aldıqda müddətsiz idi. Ancaq bu gündən bu müddəadan 56 gün çıxarılır. Bu gündən qapalı məkanlara yaşı 18-dən yuxarı olan şəxslərdən yalnız etibarlı olan “Peyvənd sertifikatı”, “İmmunitet sertifikatı”, yaxud “Əks-göstəriş sertifikatı” olanların girişinə icazə veriləcək.

Dövlət qurumlarında, eləcə də iş və xidmət sahələrində çalışan işçilərdən də etibarlı olan “Peyvənd sertifikatı”, “İmmunitet sertifikatı”, yaxud “Əks-göstəriş sertifikatı”nın olması tələb ediləcək.