Azərbaycan Televiziyası (AzTV) ilə əməkdaşlıq çərçivəsində ölkəmizə gələn Türkiyənin TRT kanalının əməkdaşları Bakı Dövlət Universitetində olublar.

Universitetin Jurnalistika fakültəsinin müəllim və tələbələri ilə görüşdə bildirilib ki, Azərbaycan-Türkiyə arasındakı bir çox sahəni əhatə edən qarşılıqlı əməkdaşlıq media sahəsində də özünü göstərməkdədir. Qonaqlar fakültədə tələbələr üçün yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, BDU-nun Jurnalistika fakültəsinin maddi-texniki bazasının gücləndirilməsində TİKA və TRT dəstək göstərib.

TRT-nin sosial media və xəbər mütəxəssisi Bahadır Avşar bildirib ki, Jurnalistika fakültəsində tələbələrin peşəkar jurnalist kimi yetişməsi üçün lazım olan şərait var.

Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib ki, BDU-nun, həmçinin Jurnalistika fakültəsinin həm TRT, həm də “Anadolu” agentliyi ilə yaxın əməkdaşlığı var: “Ümumiyyətlə, Türkiyənin müasir media sisteminin formalaşmasında həm TRT-nin, həm “Anadolu” agentliyinin çox böyük rolu olub. TRT xüsusilə bir məktəb yaradıb. Televiziya jurnalistikası ilə bağlı və müasir dövrdə, təbii ki, TRT təcrübəsinin öyrənilməsi və eyni zamanda tədrisdə tətbiqi baxımından bunun çox böyük əhəmiyyəti var”.