“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada ilə görüşüb.
Görüşdə Yaponiyanın televiziya və radioları ilə və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əlaqələrinin yaradılması perspektivləri müzakirə olunub. QSC-nin nəzdində fəaliyyət göstərən hər üç kanalın - AzTV, Mədəniyyət və İdman TV-lərin qarşı tərəflə qurulacaq əməkdaşlığa hazır olduğu ifadə edilib.
Səfirə AzTV-nin tarixi, keçdiyi inkişaf yolu, müasir standartlar səviyyəsində yayım həyata keçirmək üçün aparılan köklü islahatlar haqqında geniş məlumat verilib.
Bildirilib ki, Azərbaycan Televiziyası dünyanın bir sıra ölkələrinin müvafiq qurumları ilə sıx əlaqələrə malikdir. Bu mənada Yaponiyanın TV və radio kanalları ilə əməkdaşlıq da QSC-nin marağındadır.
Səfir Cuniçi Vada Yaponiyanın aidiyyəti qurumlarının Azərbaycan Televiziyası ilə əməkdaşlıq üçün danışıqlara açıq olduğunu qeyd edib və münasibətlərin qurulmasına, gələcəkdə inkişafına dəstək verəcəyini deyib. O, Azərbaycan Televiziyasının Yaponiya televiziya və radioları ilə əməkdaşlığa göstərdiyi marağı, irəli sürülən təklifləri yüksək qiymətləndirib. Qeyd olunub ki, qurulacaq bu əməkdaşlıq zəngin tarixə, mədəni irsə malik xalqlarımızın bir-birilərini daha da yaxından tanımasına töhfə olacaq.