Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Bakı şəhəri və Abşeron rayonundakı yaşayış komplekslərindən daha 100 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.
ƏƏSMN-dən verilən xəbərə görə, mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli mühüm sosial dəstək tədbirlərindən biri kimi, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramının Prezident İlham Əliyevin sərəncamı ilə 5 dəfə genişləndiyini vurğulayıb.
Qeyd edilib ki, bu gün də daha 100 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilir. Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin əvvəlindən 200, postmüharibə dövründə 3200, ümumilikdə ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib.
Vətən müharibəsi şəhidlərinin ailələri və müharibə əlilləri qeydiyyata alındıqdan qısa zaman sonra artıq onların mənzillə, eləcə də müharibə əlillərinin avtomobillə təminatı həyata keçirilir. Bu da onlara xüsusi qayğının daha bir təzahürüdür.
Nazirlik 2021-ci ildə daha 164 nəfər müharibə əlilini, ümumilikdə ötən dövrdə isə 7400 müharibə əlilini avtomobillə təmin edib.