Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə partiyanın Xəzər rayon təşkilatında tədbir keçirilib.
Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının fəaliyyətinə dair film nümayiş olunub.
Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiyanın 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yolundan, müstəqil Azərbaycan dövlətinin inkişafından danışıb. Bildirilib ki, Yeni Azərbaycan Partiyası təsis olunduğu gündən xalqın inam və etimadını ən yüksək səviyyədə doğruldub.
Vurğulanıb ki, partiya yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən üstün tutub və qısa zamanda ümumxalq rəğbətini qazanıb.
Bu gün isə partiya Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara imza atır. Tədbirdə YAP Xəzər rayon təşkilatının inkişafında və rayonun ictimai siyasi həyatında uğurlu fəaliyyətinə görə bir qrup partiya üzvünə Fəxri fərmanlar, yeni qəbul olunan gənc üzvlərə isə partiya biletləri təqdim olunub.