“Yeni adlar” layihəsinin növbəti konserti keçirildi

“Yeni adlar” layihəsinin növbəti konserti keçirildi

14 Noyabr, 17:17 Sosial mediada paylaşın:

Mədəniyyət Nazirliyinin bu ilin mart ayından reallaşdırdığı “Yeni adlar” musiqi layihəsi davam edir. İstedadlı gənclər böyük səhnələrdə ölkəmizin aparıcı kollektivlərinin müşayiətində məharətlərini göstərirlər.

Nazirlikdən bildirilib ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsinin növbəti konserti keçirilib.

Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – Mustafa Mehmandarov) müşayiəti ilə gənc musiqiçilər – respublika və beynəlxalq müsabiqələr laureatları Kamran Talıblı (fleyta) və Cəmil Sədizadə (piano) yaddaqalan proqramla çıxış ediblər.

Musiqi axşamının tamaşaçıları arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər olub.

Konsertdə Kamran Talıblının ifasında J.İbertin “Fleyta və orkestr üçün konsert”i, Cəmil Sədizadənin təqdimatında isə K.Sen-Sansın “Piano və orkestr üçün 2 nömrəli konsert” əsərləri gurultulu alqışlarla qarşılanıb. İstedadlı gənclər orkestrin müşayiətilə hər iki əsəri yüksək peşəkarlıqla tamaşaçılara çatdırmağı bacarıblar.

CANLI YAYIM