Qisası alınan Qaradağlı faciəsindən 31 il ötür.

31 il əvvəl kəndin dinc sakinlərinə qarşı əsl soyqırımı həyata keçirilib. 1992-ci il fevralın 17-də iki günlük qeyri-bərabər, ağır döyüşdən sonra Qaradağlıya girən Ermənistan silahlı qüvvələri kəndi yandıraraq dinc sakinlərə amansızlıqla divan tutublar. 800 nəfərdən çox əhalisi olan bu qədim Azərbaycan kəndinin 118 nəfər sakini əsir götürülüb, 33 nəfər güllələnib. Ermənilər öldürülən və yaralı insanları bir yerdə təsərrüfat quyusuna tökərək üstünü torpaqlayıblar.

Ümumilikdə, əsirlərdən 68 nəfəri öldürülüb, 50 nəfər böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanların 5-i qadın olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.

Qaradağlı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xeyli iş görülüb. Qaradağlı soyqırımı haqqında bir neçə sənədli film çəkilib və müxtəlif dillərə tərcümə olunub. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisində abidə kompleksləri ucaldılıb.