Müasir İncəsənət Muzeyində gənc rəssamın fərdi sərgisi açılıb

Müasir İncəsənət Muzeyində gənc rəssamın fərdi sərgisi açılıb

2 Noyabr, 19:29 Sosial mediada paylaşın:

Noyabrın 1-də Müasir İncəsənət Muzeyində Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə istedadlı gənc rəssam Nərmin Sadıqovanın “Meraki” adlı fərdi sərgisi açılıb.
AZTV.AZ xəbər verir ki, muzeyin direktoru Xəyyam Abdinov sərgini açıq elan edərək bildirib ki, Nərmin Sadıqova rəssamlıq sənətində özünəməxsus yaradıcılıq üslubu, rolu və maraqlı kreativ ideyaları ilə seçilir. O, daim axtarışda olan rəssamdır. Gənc fırça ustası hər bir əsəri üzərində apardığı iş prosesində özündən bir parçanı, həyəcanını, hisslərini kətana köçürür, onlara zəruri çalarlar əlavə edərək canlandırır. Sərginin adı ilə bağlı ideya da məhz bununla bağlıdır: “Meraki” kəlməsini yunanlar yaradıcılıq prosesinə özlərindən bir parçanı – hissləri əlavə edərək ətrafda baş verənləri təsvir etmək mənasında işlədirlər.
Nərmin Sadıqova həyatının bu əlamətdar günündə onu dəstəkləməyə gələnlərə təşəkkürünü bildirib. O, sərginin uğur qazanacağına əminliyini ifadə edib.
Sonra qonaqlar portret, peyzaj, natürmort kimi müxtəlif janrlarda 30-dan çox əsərdən ibarət olan ekspozisiya ilə tanış olublar.
Sərgi noyabrın 5-dək davam edəcək.
Qeyd edək ki, Nərmin Sadıqova Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. İstedadlı rəssam hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistraturasında təhsil alır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Gənc rəssam Heydər Əliyev Fondunun və YARAT Müasir İncəsənət Mərkəzinin təşkil etdikləri müxtəlif sərgilərin iştirakçısı olub.

(Fotolar Rüstəm İsmayılovundur)

CANLI YAYIM