Azərbaycanın 20 şirkəti məhsullarını ilk dəfə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən “The Saudi Food Show 2024” beynəlxalq qida sərgisində - "Made in Azerbaijan" vahid ölkə stendində təqdim edib.
Məlumata görə, stenddə ölkədə istehsal olunan təbii bal, qənnadı məmulatlar, çay, qara kürü, müxtəlif qazlı içkilər, dondurmalar, meyvə-tərəvəz və digər məhsullar yer alıb, Azərbaycan məhsulları haqqında videoçarxlar nümayiş olunub. Stendi ziyarət edən potensial idxalçılar xüsusən qara kürü, meyvə-tərəvəz, qənnadı məmulatları və alkoqolsuz içkilər kimi yerli məhsullarımıza maraq göstərib. Sərgi çərçivəsində yerli və xarici sahibkarlar arasında görüşlər keçirilib, potensial ixrac əməliyyatları ilə bağlı fikir mübadiləsi aparılıb.
Builki "The Saudi Food Show" sərgisinə 97 ölkədən 1 000-dən çox şirkət qatılıb. Sərgidə Türkiyə, ABŞ, Polşa, İsveçrə, Fransa, Koreya, İspaniya, Pakistan, Braziliya, Malayziya, Qətər, İraq və Kamboca kimi ölkələr də vahid ölkə stendi ilə çıxış edib.