Azərbaycanda hava nəqliyyatının modernləşməsi, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində layihələr davam edir.
Belə ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti “FlightSafety International” şirkətindən “Embraer E-190” tipli təyyarə üçün son nəsil aviasiya trenajoru əldə edəcək. Bu cür müasir avadanlıq daha əvvəl AZAL-ın pilotları üçün alınmışdı. Bu dəfə isə son nəsil aviasiya trenajorundan “ButaAirways” şirkətinin pilotları istifadə edəcək. Trenajor Milli Aviasiya Akademiyasının Pilotların Hazırlığı Mərkəzində quraşdırılacaq. Trenajor kompleksi “Buta Airways” aviaşirkətinin pilotlarının tam təlim və sertifikatlaşdırılması üçün imkan yaradacaq.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov bildirib ki, sözügedən trenajorun alınması ilə bağlı ilkin razılıq bu ilin noyabrında “Dubai Air Show-2019” sərgisi çərçivəsində əldə edilib.
Azərbaycanın mülki aviasiyası üçün kadrların hazırlandığı Milli Aviasiya Akademiyasının maddi-texniki bazasının genişləndirilməsi üzərində daim iş aparılır.
Vurğulanıb ki, Akademiyanın ərazisində yaradılacaq trenajor kompleksində “Embraer E-190” və “Boeing 787 Dreamliner” tipli təyyarələr üçün aviasiya trenajorları yerləşdiriləcək.
Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə mülki aviasiya sahəsində əldə olunan uğurlardan danışıb, bu təhsil ocağının maddi-texniki bazasının ildən-ilə gücləndiyini bildirib. “FlightSafety International” şirkətinin aviasiya trenajorları xidmətləri üzrə icraçı direktoru Con Van Maren bu trenajorun ən yüksək standartlar səviyyəsinə uyğun olduğunu vurğulayıb.
Məlumat üçün bildirək ki, AZAL Pilotların Hazırlığı Mərkəzi 2010-cu ildən fəaliyyət göstərir. Mərkəzin nəzəri tədris şöbəsi hər il 7 mindən çox mülki aviasiya mütəxəssisinin 300-dən çox kvalifikasiyanın artırılması kurslarında iştirakını təmin edir. Təcrübə təlim şöbəsində isə peşəkar pilot bacarıqlarının əldə olunması və dəstəklənməsi üçün çox əhəmiyyətli olan 4 uçuş aviasiya trenajoru fəaliyyət göstərir.
Elmir Məmmədov