Azərbaycan Televiziyasının “Çıxışa doğru” verilişində valideynlərin övladlarının peşə seçiminə müdaxiləsi mövzusu müzakirə olunub. Qeyd edilib ki, övladın seçimini onunla müzakirə etmək, tövsiyələr vermək vacibdir, ancaq ona təzyiq göstərmək yolverilməzdir.

Millət vəkili Cavid Osmanov vurğulayıb ki, gənclərin peşə seçiminə ailələr, valideynlər tərəfindən müdaxilələr olur. Elmi araşdırmalara görə, bu rəqəm 65 faizdən də çoxdur: “Hər 5-8 ildən bir peşələr yenilənir. Eyni zamanda, bilik və bacarıqlar əgər istifadə olunmursa, il ərzində 20-30 faiz aşağı səviyyəyə düşür. Bu, o deməkdir ki, əgər hər hansı mütəxəssis 5 il ərzində öz bilik və bacarığını istifadə etmirsə, öz bacarıqlarını böyük həcmdə itirir. Əgər valideyn uşağın peşə seçiminə müdaxilə edirsə, onun gələcək həyatına travma verir”.

Gənclərlə iş üzrə ekspert Yelena Sidorenko-Eyvazlı qeyd edib ki, dövlətimiz tərəfindən aparılan islahatlarda gənclər üzərinə də böyük məsuliyyət düşür: “Bəs gənclərimiz bu yeni çağırışlara hazırdırmı? Valideynlərlə iş zamanı görürəm ki, nə qədər problemlər var. 11 yaşlı tələbələrimdən birindən soruşdum ki, sən hansı peşənin sahibi olmaq istəyirsən? Dedi ki, atamla anam deyib ki, bunu heç kimə demə, qınayacaqlar səni. Dedim, nədir ki, o iş? Dedi millət vəkili olmaq istəyirəm. Amma görünür ki, valideynlər onun bu arzusunun qarşısını ala bilər. Biz valideynlər bəzən öz etmədiyimizi uşağımızda görmək istəyirik”.

“Uşaqların sağlamlığına, mənafeyinə zidd peşəyə yönləndirilməsi qanunla birmənalı şəkildə qadağandır”.

Bu fikirləri isə hüquqşünas Şamil Paşayev səsləndirib. O deyib ki, müdaxiləni valideynin tövsiyəsi ilə qarışdırmaq olmaz: “Məsələn, Yelena xanımın dediyi halda, baxmaq lazımdır ki, bu, tövsiyədir, yoxsa müdaxilə? Varlı ailə ilə kasıb ailənin də istiqamətləndirməsi fərqli olur. Elə ailələr var ki, varlı ailə öz övladını o peşədə görmək istəmir”.

Sosial Maarifləndirmə və Təhsil İnstitutunun rəhbəri Elçin Həsən qeyd edib ki, aparılan araşdırmalar göstərir ki, gənclərin 75 faizi seçdiyi ixtisasdan məmnun deyil: “Sevmədiyi işlə məşğul olan insan öz sahəsində məhsuldar olmayacaq. İkincisi isə insan özü hüzurlu olmayacaq, özünü xoşbəxt hiss etməyəcək”.