Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi yenidənqurmadan sonra istifadəyə verilib. Sözügedən mərkəzdə müxtəlif protez-ortopedik məmulatların hazırlanması ilə yanaşı, müasir bionik protezlərin də düzəldilməsi həyata keçiriləcək.
Əsaslı təmirdən sonra istifadəyə verilən Protez-Ortopedik Bərpa Mərkəzi iki korpusdan ibarətdir. Birinci korpusda Protez-Ortopedik məmulatların hazırlanması həyata keçiriləcək ikinci korpus isə stasionardır. Ümumilikdə isə Mərkəz il ərzində 15 mindən çox insana xidmət göstərəcək.
Prezident İlham Əliyevin tapşırığı əsasında yenidən qurulan Protez-Ortopedik Bərpa Mərkəzində müasir tələblərə uyğun şərait yaradılıb, avadanlıq, reabilitasiya aparatları yenilənib. Eyni zamanda, dövlət başçısının müvafiq Sərəncamına əsasən, Mərkəzdə Almaniyanın “Ottobock” şirkəti ilə əməkdaşlıq şəraitində layihələndirilməklə, yüksək texnologiyalı protezlərin istehsalı sexi də qurulub. Bu sexlərdə protezlərlə müasir korset, ortopedik, protez ayaqabı da hazırlanır. Mərkəzdə əlilliyi olan şəxslərlə yanaşı Qarabağ qazilərinin müalicəsi həyata keçirilir.
Hazırda mərkəzdə 200-dən çox əməkdaş çalışır ki, onların 20 nəfəri əlilliyi olan şəxsdir.
Bu ilin ötən dövründə 13 min 607 nəfər əlilliyi olan şəxs 35 min 500-ə yaxın reabilitasiya vasitəsi, o cümlədən 1920 əlil arabası ilə təmin edilib. Bu il bölgələrdə yaşayan, Bakıya gələ bilməyən 800-dək əlilliyi olan şəxsə 4 minə yaxın reabilitasiya vasitəsi yaşadıqları şəhər və rayonlarda, hətta evlərində təqdim edilib.
Tural Qurbanov