Gələn il təhsil sahəsində bir sıra dəyişikliklər nəzərdə tutulur. Magistraturaya imtahanın iki deyil, birmərhələli olması ilə bağlı sənəd hökumətə təqdim ediləcək. Növbəti ildə peşə təhsilində də yeniliklər gözlənilir, həmçinin tələbə yataqxanaları inşa olunacaq.
Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Televiziyasına müsahibəsində bu barədə məlumat verib.
Belə ki, həm ali təhsil müəssisələri, həm də aidiyyəti qurumlarla aparılan məsləhətləşmələrə əsasən, magistratura pilləsinə imtahanın birmərhələli olması təklif olunur. Bununla bağlı layihə hazırlanıb və sənədin gələn il hökumətə təqdim edilməsi nəzərdə tutulub. Təhsil naziri Ceyhun Bayramov deyir ki, aparılan islahatlar beynəlxalq təcrübə əsasında həyata keçirilir və bu da magistratura pilləsində tələbələrin sayının artmasına səbəb olacaq.
2019-cu ildə dövlət hesabına təhsil alan tələbələrin sayında çox ciddi artımın olduğunu da deyən Ceyhun Bayramov bildirib ki, ötən illə müqayisədə bu il dövlət hesabına oxuyan tələbələrin sayı 12 min 300-dən 20 min 500-ə çatıb, başqa sözlə, 60 faizədək artıb. 110 minədək tələbənin təqaüdü isə orta hesabla 20 faizədək artırılıb.
Peşə təhsilində də bir sıra yeniliklər olacaq. Belə ki, gələn il xarici tərəfdaşların iştirakı ilə yeni peşə təhsili müəssisələri fəaliyyətə başlayacaq, tələbə yataqxanaları inşa ediləcək. 2020-ci ildə, həmçinin məktəbəqədər hazırlıq siniflərində 5 yaşlı uşaqların məktəbəhazırlıq səviyyəsinin 90 faizə çatdırılması planlaşdırılır. Növbəti ildə eyni zamanda məktəblərin təmayülləşməsi proqramı genişləndiriləcək.
2020-ci ildə yeni modelə əsasən hazırlanan və sınaqdan keçən əsas fənlər üzrə birinci siniflər üçün yeni dərsliklərdən istifadə də nəzərdə tutulur.
Orxan Qasımlı