Bakıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə hazırlıq işləri davam etdirilir. Hazırlıq çərçivəsində şəhərin müxtəlif yerlərində şam ağacları və dekorativ bəzək əşyaları qurulub. Bakıda əsl bayram əhval ruhiyyəsi yaradılıb.

Paytaxtın Yeni il hazırlıqları Dənizkənarı Milli Parkda da həyata keçirilir. Burada Yeni il atributlarından çox gözəl kompozisiyalar yaradılıb. Dekorasiyaların tamamlanması və bütün bu işlərin vətəndaşlara açıq elan edilməsi isə şənbə günü olacaq.

Bulvar ərazisi yeni dizaynda, daha rəngarəng və müasir formada bəzədilir. Bütün şam ağacları və dirəklər çılçıraqlara bürünüb.

Bayram günlərində Bakı bulvarında Yeni ilin bütün atributlarına rast gələ biləcəksiniz. Müəyyən ərazilərdə isə retro maşınlar hərəkət edəcək.

Gələn həftədən başlayaraq təxminən 3 həftə ərzində Kukla Teatrının arxasında yerləşən meydanda bayram proqramı təqdim olunacaq. Dənizkənarı Milli Parka gələn paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı sürprizlər, canlı musiqi gözləyir.

Bayram günlərində paytaxt sakinləri və qonaqlar xüsusilə də mərkəzdə təmtəraqlı bəzəklərlə qarşılanacaq. Kukla Teatrının yanındakı yeraltı keçidin önündə bulvar ərazisi istiqamətində işıqlarla bəzədilən, uzunluğu 67 m olan tunel quraşdırılıb. Qız Qalasının qarşısında da bu cür dekorasiyalar göz oxşayır.

Bu il Azadlıq meydanında “Formula 1” yarışlarının konstruksiyalarının mövcudluğuna görə şam ağacının qurulması mümkün olmayıb. Neftçilər prospekti boyunca və Azneft dairəsində isə dekorasiya işləri tamamlanmaq üzrədir.

Yeni il hazırlıqlarının davam etdiyi daha bir məkan isə Mərkəzi Parkdır. Mərkəzi Parkda paytaxtın ən hündür şam ağacı qurulur.

Ayşəm Rüstəmova