Sumqayıt Elektrik Stansiyasında böyük estakada tikilir. Səbəb Xəzər dənizində su səviyyəsinin enməsidir. Tikinti işləri hansı mərhələdədir? Estakada nə vaxt hazır olacaq?
“Sumqayıt” Elektrik Stansiyası 2004-cü ildə istifadəyə verilib. Həmin dövrdə stansiya layihələndirilərkən dəniz səviyyəsinin azalma ehtimalı nəzərə alınmayıb. Son illər ekoloji hadisələr səbəbindən Xəzər dənizinin Sumqayıt sahillərində suyun səviyyəsinin 1 metr 30 santimetr enməsi vəziyyəti kritik həddə çatdırıb. Çünki su səviyyəsinin daha 10 santimetr düşməsi stansiya üçün soyutma suyunun götürülməsinə maneə yaradacaqdı. Bu da Sumqayıt Elektrik Stansiyasının fəaliyyətinin dayandırılmasına səbəb olacaqdı.
Yaranan problemin aradan qaldırılması məqsədilə yerli və xarici mütəxəssilər tərəfindən layihə hazırlanıb. Layihə çərçivəsində Xəzər dənizinin 5 metr dərinliyindən su götürülərək, 750 metrlik estakada vasitəsilə stansiyaya ötürüləcək. Bununla da MBD məkanında ilk dəfə olaraq suyun kaskad vasitəsilə sakitləşdirici qurğuya, oradan da stansiyaya ötürülməsi həyata keçiriləcək.
Ötən ilin payızında başlanılan işlər növbəlilik prinsipi əsasında fasiləsiz davam etdirilir. Artıq estakadanın 550 metrlik hissəsi hazırlanıb.
Estakada 2020-ci ilin iyununda istifadəyə veriləcək.
Sabir Bilalov