Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən ölkədəki taksi xidmətinin hansı səviyyədə olması ilə maraqlanıb və bu sahə ilə bağlı tapşırıqlar verib.

Nazir R.Quluzudə bildirib ki, regionlarda bu sahəyə daha çox diqqət yetirilməlidir.

“Çünki regionlarda standartlara tam cavab verməyən nəqliyyat vasitələri var və biz bu istiqamətdə də öz işlərimizi aparırıq”, - deyə nazir əlavə edib.

Prezident İlham Əliyev qeyd edib: “Mən sizə tapşırıq verirəm ki, bu işləri ciddi təhlil edin. Hər bir şəhərdə nə qədər taksi fəaliyyət göstərir? Taksi avtomaşınlarının keyfiyyəti nə səviyyədədir? Təhlükəsizlik necə təmin edilir, hesablaşma necə aparılır? Biz elə etməliyik ki, bütün şəhərlərimizdə, ilk növbədə, böyük şəhərlərimizdə müasir taksi xidmətləri olsun. Müasir taksi dayanacaqları, sürücülərin hazırlanması, onların tibbi müayinədən keçməsi təşkil olunmalıdır. Hər bir sahədə olduğu kimi, bu sahədə də biz nağd hesablaşmadan kartla hesablaşmaya keçməliyik, taksometrlər quraşdırılmalıdır. Yəni, təkcə Bakıda yox, ilk növbədə, bütün böyük şəhərlərdə və ondan sonrakı mərhələdə digər şəhərlərdə”.