“Bu il beş “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək və beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 21-ə çatacaq”.

Bu sözləri Prezident İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Ölkə başçısı daha altı mərkəzin açılışının da gündəlikdə olduğunu nəzərə çatdırıb: “Onlardan ikisi Bakıda tikiləcək və beləliklə, Bakıda mərkəzlərin sayı yeddiyə çatacaq. Çünki indi bəzi mərkəzlərdə növbələr yaranır. Biri Gəncədə. Gəncədə ikincisi olacaqdır. Biri Sumqayıtda, orada da ikincisi olacaqdır. Biri Lənkəran, biri isə Salyanda. Beləliklə, bu proqram maksimum 2021-ci ilin sonuna qədər başa çatmalıdır, bəlkə ondan da tez. Beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 27-yə çatacaq”.