Fevralın 3-də Prezident İlham Əliyev “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ekoloji məsələlərə də toxunaraq bildirib ki, ağacəkmə prosesi davam etdiriləcək. Bu məqsədlə Azərbaycanda yeni tingçilik təsərrüfatı sahələri yaradılacaq.
Yaşıllaşma tədbirlərinə ölkə ərazisində ciddi hazırlıq gedir. Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşə təsərrüfatında yetişdirilən 2 milyona yaxın tinglər ölkənin müxtəlif sahələrində yaşıllaşdırmada istifadə olunub. Əkilən ağacların müəyyən qismi isə məhz tut cinsindən olub.
Cari ildə isə ötən ilkindən daha çox ağacın əkilməsi nəzərdə tutulub.
Xatırlatmaq yerinə düşər ki, ötən il Abşeron yarımadasında, xüsusilə də Bakı şəhərinin Suraxanı rayonunda vaxtilə çirkləndirilmiş yod-brom ərazisi təmizlənib. 66 hektar ərazidə 55 minə yaxın yerli şəraitə uyğun müxtəlif cinsli ağaclar əkilib. Bu ağaclar 95% halda bitir. Məhz damcılı suvarma sistemi sayəsində bu göstərici əldə olunub. Bu həm suya qənaətdir, həm də əkilən ağacların bitmə faizini yüksəldən əsas şərtlərdən biridir.
Yeri gəlmişkən, yaxın günlərdə nazirliyin “Facebook” sosial şəbəkəsində əhali arasında hansı ərazidə yaşılıq zonası salınması haqqında sorğu keçiriləcək.
Vəfa Ağabalayeva