Bu ilin yanvar ayında ölkəmizə gələn turistlərin sayında artımın qeydə alınması 2020-ci il üçün ölkəmizə gələcək turist sayının artacağı proqnozlarını doğruldur. Əgər ötən il Azərbaycan 3 milyon 170 min turisti qəbul etmişdisə, bu il ölkəmizə səfərə gələnlərin 4 milyonu keçəcəyi gözlənilir.
Bəli, bu gün düşünülmüş siyasətin nəticəsidir ki, Azərbaycanda turizm əsas ixrac növlərindən birinə çevrilir. Özü də bu, qısa zamanda baş verdi.
Əlbəttə, təhlükəsizliyin təminatı turizm üçün əsas şərtdir. Digər vacib amillərdən biri, təbii ki, infrastrukturdur. Bu gün paytaxtla yanaşı regionlarda da böyük layihələr reallaşdırılır. Mütəxəssislər deyirlər ki, regionlarda yol infrastrukturunun yenilənməsi, dayanıqlı elektrik enerjisi ilə təminat və qazlaşdırmanın yüksək səviyyəyə çatdırılması, xüsusilə bu sahəyə maraq göstərən sahibkarlara dövlət dəstəyinin olması turizmin inkişafında əvəzsiz rol oynayır.
Turizm sektorunun beynəlxalq standartlara çatdırılması üçün sahibkarlara dövlətin güzəştli kreditlərindən yararlanmaq imkanları da verilir. Bununla pararlel olaraq, xarici ölkələrdə Azərbaycanın turizm potensialının tanıdılması üçün genişmiqyaslı işlər aparılır.
Növbəti illərdə də turizm imkanlarımızın daha geniş arealı əhatə etməsi üçün işlər aparılacaq.
Nuray Mustafa