Bundan sonra bazarlarda alıcılar mövsümü olmayan, yəni alça, gilas, üzüm, şaftalı, nektarin, ərik kimi meyvələri hazırda satılan qiymətlərdən, təxminən, 10 dəfə ucuz ala biləcəklər. Özü də xaricdən gətirilən deyil, yerli məhsullarımızın hesabına.
Belə ki, sahibkarlar qeyri-mövsüm vaxtı belə məhsulların bazara çıxarılması üçün istixana şəraitində meyvə yetişdirilməsi ilə bağlı layihələr hazırlayırlar.
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr əvəzi Samir Hümbətov deyir ki, artıq sahibkarla berlə layihələrlə quruma muraciət edirlər: “Bir neçə layihə maliyyələşdirilib. Hazırda Ağdaş və Göyçay ərazisində də belə təsərrüfatların yaradılması ilə bağlı Sahibkarlığın İnkişafı Fonduna muraciətlər var. Müraciətlərə baxılır və onların maliyyələşdirilməsi üçün dövlətin güzəştli kreditlərindən veriləcək”.
İndiyədək 12 min hektar ərazidə bağçılıq təsərrüfatlarının yaradılması üçün layihələrə güzəştli kreditlər verilib. Ümümilikdə, bu sahə üzrə təqdim edilən layihələrin dəyəri 234 milyon manat civarındadır. Bu məqsədlə sahibkarlara 76 milyon manat güzəştli kredit verilib.
Ölkədə sahibkarlara yaradılan əlverişli şərait özünü aqrar sektorda da gostərir. Belə ki, paytaxtın Zirə qəsəbəsində istixana şəraitində meyvə bağları salınır. Yəni vətəndaşlar bundan sonra bazarlarda mövsümü olmayan meyvələri vaxtından əvvəl ala biləcəklər. Bu bağların salınması hesabına daxili bazarın tələbatını ödəmək və idxaldan asılılığın minimuma endirilməsi mümkün olacaq. Başqa sözlə desək, aqrar sektordakı bu yenilik ölkə iqtisadiyyatına böyük töhfə verəcək.
Meyvələrin istixana şəraitində yetişdirilməsi prosesi Türkiyə təcrübəsi əsasında reallaşdırılır. Sistemin yaradılmasında məqsəd ölkədə aprel, may aylarında faraş meyvəyə olan tələbatı qarşılamaqdır. Həmin tələbat hazırda Türkiyə və İran İslam Respublikasından idxal olunan məhsullar hesabına ödənilir.
35 min müxtəlif növ meyvə ağaclarından əldə olunan məhsulların aprelin 15-dən ölkə bazarlarına çıxarılması planlaşdırılır.
Bütün bunlar 2019-2023-cü illərdə aqrar sektorun inkişafı üçün nəzərdə tutulan dövlət proqramına əsasən həyata keçirilir. Bu sahənin inkişafı üçün ayırılan dotasiyalar, subsidiyalar hesabına sahibkarlar özlərinin şəxsi biznesini qurmaqdadır.
Bu il 6 meyvə plantasiyasından 300 ton meyvənin ölkə bazarlarına, 150 ton meyvənin isə Rusiya bazarına çıxarılması planlaşdırılır.
Samir Namiqoğlu