Koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. Xüsusi ayrılmış tibb müəssisələrindəki laboratoriyalar Ümumdünya Səhiyyə Təşkilatının biotəhlükəsizlik və keyfiyyət standartlarına uyğun qurulub. Beynəlxalq təcrübəyə uyğun olaraq koronavirus infeksiyalarının laborator diaqnostikası üçün xüsusi dövlət tibb müəssisələri müəyyənləşdirilib.

Nazirlər Kabineti yanında operativ qərargahın məlumatına görə digər dövlət və qeyri-dövlət tibb müəssisələrində koronavirusun təyini məqsədilə laborator analizlərin aparılması qəti qadağandır. Hazırda xüsusi ayrılmış dövlət tibb müəssisələrindəki laboratoriyalarda tibbi müayinələr dövlət büdcəsi hesabına həyata keçirilir. Özlərində respirator xəstəlik əlamətləri qızdırma, halsızlıq, öskürək, ürəkbulanma, nəfəs darlığı hiss edənlər Bakı daxilində 103, paytaxtdan kənarda isə 113 nömrələri ilə təcili yardıma zəng edib, həkim müayinəsindən keçə bilərlər.

Qeyd edək ki, koronavirusla əlaqədar martın 9-dək Azərbaycandakı bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Hazırda ümumitəhsil müəssisələrində dezinfeksiya işlərinin aparılması davam etdirilir. Bu məqsədlə artıq 160 ümumitəhsil müəssisəsində deznfeksiya işləri həyata keçirilib. Onu da bildirək ki, bir həftə ərzində bütün ümumitəhsil müəssisələrində profilaktik tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Bakı Şəhər Dezinfeksiya Stansiyasının bölmələri arasında bağlanılan müqaviləyə görə, təhsil müəssisələrində aparılan dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

İnfeksiyanın törədə biləcəyi fəsadın qarşısının alınması məqsədilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti də, bütün mülki aviasiya obyektlərinin dezinfeksiyasını həyata keçirir. AZAL və “Buta Airways” aviaşirkətlərinin bütün təyyarələri universal profilaktik dəstlər, qoruyucu maskalar və dezinfeksiyaedici vasitələrlə təchiz edilib; hava gəmilərində HEPA havalandırma filtrləri vaxtaşırı dəyişdirilir, koronavirus infeksiyasına yoluxmaqda şübhəli bilinən xəstə aşkar edildiyi zaman tədbirlərin görülməsi üçün uçuş heyəti ilə treninqlər aparılıb. Bunun üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda operativ qərargah yaradılıb. Reyslərin uçuş cədvəlindəki dəyişikliklər və digər aviasiya prosedurları ilə bağlı bütün məsələlərlə əlaqədar müraciət üçün  (+994 12) 497 85 89 nömrəli “qaynar xətt” fəaliyyət göstərir.

Kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı ictimai nəqliyyatda da qabaqlayıcı tədbirlər görülür. Marşrut avtobusları dezinfeksiya olunur. İşlər həftə sonları və ya avtobuslar gecə qaraja qayıtdıqdan sonra həyata keçirilir.

Paytaxtın əsas ictimai sərnişindaşıma vasitələrindən olan metroda dezinfeksiya işləri vaqonlarda aparılır və stansiyalarda həyata keçirilir. Eyni zamanda şəhərlərarası sürət qatarlarında dezinfeksiya işi görülür. Məqsəd hər hansı virusun yayılmasının qarşısını almaq və insanların təhlükəsizliyini təmin etməkdir. Mütəxəssilərin sözlərinə görə, dezinfeksiyada istifadə edilən məhlulların insan sağlamlığına heç bir ziyanı yoxdur.

Görülən tədbirlərdən biri də, İranda qalan vətəndaşlarımızın ölkəyə gətirilməsidir. Belə ki, fevralın 29-da İranla Azərbaycan arasında sərhədin müvəqqəti bağlanması ilə əlaqədar İranda olan vətəndaşlarımıznın ölkəyə qayıtmasını təmin etmək üçün martın 4-də İrandan Azərbaycana uçuş reysi təşkil olunacaq. Xüsusi dəhliz vasitəsilə vətəndaşların ölkəyə qayıtması təmin ediləcək.

Dövlət sərhədindən buraxılış məntəqələrində koronavirus təhlükəsinin ölkəmizdə yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlər davam etdirilir. Hazırda sərhədlərdən yalnız yük avtomobillərinin keçməsinə icazə verilir ki, həmin avtomobillər də xüsusi vasitələrlə dezinfeksiya olunur, sürücülər müvafiq yoxlamadan keçirilir. Sərhədə yaxın ərazilərdə FHN karantin zonaları yaradılıb. Burada xüsusi təchiz olunan texnikalar saxlanılır. Sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamaq məqsədilə çadırlar qurulub.  

Koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə intensiv iş aparılır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilir. Bundan başqa, Çin, Almaniya və digər ölkələrlə aparılan danışıqlar nəticəsində lazımi avadanlıqların, preparatlarının, mütəxəssislərin Azərbaycana gətirilməsi üçün müvafiq razılaşma əldə olunub.