Əhalinin mənzil təminatında alternativ həll üsulu kimi qiymətləndirilən kirayə mənzillərə müraciətlər başlayıb. Müraciətləri qeydə alınan vətəndaşların elektron kabinetinə sistem vasitəsilə sənədlərin qəbulu tarixi və yeri barədə bildiriş yerləşdiriləcək və SMS-məlumat veriləcək.
İndiyədək “Elektron ipoteka və kredit zəmanət” sistemində kirayə mənzil modulu üzrə 6738 vətəndaş elektron kabinet yaradıb. Onlardan 5098-i elektron müraciətinin formalaşdırılmasını yekunlaşdırıb. 4306 vətəndaş isə kirayə mənzil üçün artıq müraciət edib. Müraciətlər şəffaf qaydada elektron sistem vasitəsi ilə növbəyə alınıb. Növbəlilik barədə vətəndaşların elektron kabinetinə bildiriş göndərilib və SMS-məlumat verilib. Martın 10-da başlanılan sənədlərin qəbulu növbəlilik əsasında 2 saylı “ASAN Kommunal” mərkəzində və Sumqayıt “ASAN xidmət” mərkəzində həyata keçiriləcək.
Sənədləri qəbul edilmiş vətəndaşların müraciətinə 5 iş günü ərzində baxılacaq. Onların yaşı, kredit tarixçəsi və rəsmi gəlirləri əsasında kirayəyə yönəldəcəyi maksimal aylıq ödəniş məbləği və kirayə müqaviləsinin maksimal müddəti müəyyən ediləcək. Bu barədə isə vətəndaşların elektron kabinetinə bildiriş göndəriləcək. Vətəndaşların ödəniş qabiliyyətinin qiymətləndirilməsinə gəlincə, bu, elektron sistem vasitəsilə əldə olunan rəsmi məlumatlar əsasında İpoteka və Kredit Zəmanət Fondunun açıq bəyan etdiyi meyarlar üzrə həyata keçiriləcək.
Ekspertlər deyirlər ki, satmaq öhdəliyi ilə kirayə mexanizminin işə düşməsi ənənəvi kirayə mənzil bazarının qiymətlərinə qismən də olsa təsir göstərəcək.
Bakı, Xırdalan və Sumqayıt şəhərlərində təklif edilən kirayə mənzillərin sayı hazırda 530-a çatır. Fonddan verilən məlumata görə, il ərzində bazara çıxarılacaq kirayə mənzillərin sayı 3-4 dəfə artırılacaq.
Onu da qeyd edək ki, kirayə mənzil mexanizmi ilə satılacaq mənzillərin minimal aylıq ödənişləri Bakıda 411, Xırdalanda 333, Sumqayıtda 297 manatdan başlayır.
Sədaqət Süleyman