Koronavirusla əlaqədar yaşana biləcək təhlükə ilə bağlı risklərin minimuma endirilməsi məqsədilə regionlarda və Bakıda ixtisaslaşmış mərkəzlər yaradılacaq. Bu mərkəzlərdə insanlar xüsusi alqoritmlərlə yoxlanılacaq. Xəstəlik aşkarlanan şəxslər olarsa, onlar bu mərkəzlərdə karantinə alınıb müalicə ediləcəklər.

Virusa qarşı mübarizə tədbirlərinə dair keçirilən mətbuat konfransında bu barədə məlumat verilib. Bildirilib ki, hazırda karantində 500-dək adam var. Onlarda koronavirus aşkarlanmayıb.

TƏBİB-in şöbə müdiri Yaqut Qarayevanın sözlərinə görə, Azərbaycanda koronavirusa yoluxanların vəziyyəti tam stabildir. 

Koronavirus təhlükəsi ilə bağlı  Çindən Azərbaycana gediş-gəliş müvəqqəti dayandırılılıb. Hazırda Azərbaycanda Çin vətəndaşlarının sayı 539 nəfərdir. Onların 69-u fevralın 1-dən sonra ölkəyə daxil olub.

Bundan başqa, koronavirusla mübarizə çərçivəsində iaşə obyektlərində, insanların intensiv istifadə etdiyi mərkəzlərdə dezinfeksiya işləri də davam etdirilir.

Bakı şəhərində bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə paytaxtda ardıcıl tədbirlər həyata keçirilir. Yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafında, məişət tullantılarının atıldığı konteyner meydançalarında dezinfeksiya tədbirləri görülür.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi də dezinfeksiya edilir.

Dezinfeksiya prosesi həm ölkədaxili, həm də beynəlxalq reyslər üzrə hərəkət edən avtobuslarda da aparılır. 

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova təhlükəsizlik tədbirlərinin təkcə bununla bitmədiyini qeyd edib: “Kassalarda, məlumat mərkəzində, gözləmə zallarında, sərnişinlərin istifadə etdiyi bütün məkanlarda gündəlik olaraq dezinfeksiya işləri aparılır”.

Koronavirusa görə bəzi beynəlxalq reyslər təxirə salınıb. Ona görə də vətəndaşları maraqlandıran sualları cavablandırmaq üçün (012) 406-01-58  və (012) 406-01-59 nömrəli məlumat mərkəzi fəaliyyət göstərir.

Yeri gəlmişkən, Səhiyyə Nazirliyində Koronavirusla mübarizə çərçivəsində geniş müşavirə keçirilib. Bildirilib ki, Azərbaycanda epidemiya təhlükəsinə qarşı tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınmaqla davam etdirilir. Müşavirədə xarici ölkələrdən gələn vətəndaşların yoxlanılmasına səbəb ola bilən əlamətlərin siyahısı müəyyənləşdirilib. Ümumdünya Səhiyyə Təşkilatı Avropanın ən yaxşı nəticələri olan iki laboratoriyasından Azərbaycana 1000 ədəd test göndərib, ikinci partiyada yenə testlər veriləcək.

Nazirlər Kabineti yanında operativ qərargah və Baş Prokurorluq son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə ölkəmizdə narahatlığa səbəb olmaqla cəmiyyətdə süni ajiotaj yaradılmasında maraqlı olan şəxslər tərəfindən qərəzli olaraq güya “COVID-19” adlanan virus və ya koronavirus epidemiyasına yoluxmuş şəxsin 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu xəstəxanası) vəfat etməsi ilə bağlı səs yazısına münasibət bildirib. Açıqlamada deyilir: “Qeyd edilən mövzuda yalan məlumatların yayılması, o cümlədən kütləvi informasiya vasitələri tərəfindən süni ajiotaj yaratmaq məqsədilə xəbər başlıqlarının məzmununda bilə-bilə çaşqınlığa səbəb olan ifadə və fotoşəkillərdən istifadə edilməsi müşahidə olunur. İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur”.

İctimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlərin görülməsi təmin ediləcək.