Paytaxt Bakının yol infrastruktrunun təkmilləşdirilməsi istiqamətində yeni nəqliyyat qovşaqları yaradılır, yollar və körpülər salınır. Yol hərəkətinə maneə yaradan və istifadəsiz qalan körpülər isə sökülür.

Məsələn 28 may küçəsində yerləşən körpüdən əvvəllər dəmiryolu xətti keçib. Lakin bu xətt hazırda fəaliyyət göstərmir və körpünün ərazidə yerləşməsi heç bir əhəmiyyət daşımır. Əksinə sürücülərin və sərnişinlərin hərəkətinə maneə yaradır. Hərəkətə maneə yaradan əsas səbəb isə körpünün dayağının yolun hərəkət zolağının üzərinə düşməsidir. Körpü söküldükdən sonra, məsələ həllini tapacaq.

Körpünün sökülməsinə sabah axşam saatlarında başlanılacaq. Bununla əlaqədar 28 may küçəsinin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri ilə kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülər və sakinlər körpünün sökülməsinin tərəfdarıdırlar. Sürücü Əbülfəz İsmayılov həmin yoldan gündəlik istifadə etdiyini deyir: “Körpünün orda olmağı müasir şəhərimizdə hərəkət üçün çətinlik yaradır. Get-gəlimiz çətinləşir. Sökülsə yol geniş olar, rahat gedib gələ bilərik”. Sakin Zamin Bədəlov da körpünün sökülməsinin tərəfdarıdır: “Körpü piyadaların da hərəkətinə mane olur, maşınların da. Dəmiryol da körpü üzərindən keçmir. Sökülməsi yaxşıdır”.

Abşeron rayonunda isə iki qəsəbələrarası avtomobil yolu birləşdiriləcək. Belə ki, 2 kilometr uzunluğa malik Qara Qarayev küçəsi Mehdiabad-Fatmayi-Goradil və Binəqədi-Novxanı avtomobil yolları birləşdiriləcək ki, bu da, həm yol boyu yaşayan vətəndaşların, həm də bu yoldan istifadə edənlərin rahat və təhlükəsiz gediş-gəlişinə şərait yaradacaq. Yaxın günlərdə orada təmir-tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, həyata keçirilən təmir-bərpa işləri çərçivəsində, Abşeron rayonunun Masazır kəndində 6 küçənin, Qobu qəsəbəsində 5, Ceyranbatan və Saray qəsəbələrində 3, Mehdiabad qəsəbəsində isə 4 küçənin təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə də işlərə başlanılıb.

Sabir Bilalov, Nuran Ələkbərli