“Azərbaycanda hələ hadisələr aşkar olunmamışdan əvvəl, koronavirus epidemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə profilaktik tədbirlər başlamışdı”.

Bu sözləri Səhiyyə nazirinin müavini Viktor Qasımov  AzTV-nin efirində yayımlanan “Hədəf” verilişində, koronavirus təhlükəsinin yarada biləcəyi fəsadların qarşısının alınması istiqamətində Azərbaycan səhiyyəsinin gördüyü işlərdən danışarkən deyib. Nazir müavini bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı ilə daim müzakirələr aparılıb, onlardan tövsiyələr alınıb: “Bu günədək Azərbaycanda 6 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb. Onlardan iki nəfəri xarici, dörd nəfər isə ölkə vətəndaşıdır. Bunların hamısı İranda virusa yoluxanlardır. Hazırda xəstələr karantindədirlər. Karantinin də demək olar ki, yarı müddəti başa çatıb. Xəstələrin sağlamlıqlarında heç bir mənfi hal aşkarlanmayıb. Hesab edirəm ki, belə davam etsə, karantin müddəti bitəndən sonra həmin şəxslər evə buraxılacaqlar. Baxmayaraq ki, ölkədə altı nəfər virusa yoluxub, epidemiyaya qarşı genişmiqyaslı tədbirlər həyata keçirilir. Nazirlər Kabineti yanında qərargah yaradılıb və gündəlik olaraq vəziyyət nəzarətdə saxlanır”.