Martın 11-dən etibarən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Mədəniyyət kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilir.

Təhsil Nazirliyi ilə birgə həyata keçirilən layihə səhər saat 10:00-da başlayacaq, fasilələrlə saat 16:00-a kimi davam edəcək.

Teledərslər bütün sinifləri əhatə edəcək, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunacaq. Belə ki, ibtidai sinif şagirdləri üçün “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “Təsviri incəsənət”, “Xarici dil”, 5-11-ci sinif şagirdləri üçün isə “Azərbaycan dili”, “Riyaziyyat”, “Xarici dil”, “Tarix”, “Coğrafiya”, “Kimya”, “Fizika”, “Biologiya” fənləri üzrə qısa videodərslər təqdim ediləcək.

Dərslər mart ayının 27-nə kimi həftəiçi hər gün yayımlanacaq.

Xatırladaq ki, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi mart ayının 27-nə kimi dayandırılıb.