Diasporla İş üzrə Dövlət Komitəsi koronavirus təhlükəsi ilə əlaqədar İtaliyadakı Azərbaycan vətəndaşlarına müraciət edib.

Bildirilir ki, İtaliya ərazisində koronavirus epidemiyasına yoluxanların sayında kəskin artımın qeydə alınması ilə əlaqədar virusun daha geniş ərazilərə nüfuz etməsinin qarşısının alınması məqsədilə martın 9-da İtaliya hökuməti tərəfindən əlavə təxirəsalınmaz və preventiv tədbirlərin görülməsini nəzərdə tutan yeni qərar qəbul edilib. Qərara görə, martın 10-dan başlayaraq aprelin 3-dək bütün İtaliya ərazisi “qapalı zona” elan olunur və virusun ilk olaraq yayıldığı “qırmızı zona” - Lombardiya regionu və digər 14 əyalətə tətbiq olunan ciddi qayda və məhdudiyyətlərin bütün ölkə ərazisinə münasibətdə tətbiq olunması nəzərdə tutulur.

Azərbaycanın İtaliyadakı səfirliyi İtaliya ərazisində olan bütün vətəndaşlarımızdan ölkədə baş verən epidemioloji vəziyyətlə bağlı İtaliya hökumətinin qəbul etdiyi qayda və tövsiyələrə ciddi əməl etməyi xahiş edir.