Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində Azərbaycan və Türkiyə arasında qarşılıqlı razılıq əsasında sərnişinlərin hava və quru yolu ilə səfərlərinin müvəqqəti olaraq dayandırılmasından sonra Türkiyədə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi üçün bu gün Türk Hava Yolları və Azərbaycan Hava Yollarının İstanbul-Bakı istiqaməti üzrə uçuşları həyata keçiriləcək. Həmçinin ötən gün Azərbaycanda 2 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Türkiyə ərazisində müvəqqəti əsasda olan Azərbaycan vətəndaşlarının növbəti günlər ərzində ölkəmizə gətirilməsini təmin etmək üçün Azərbaycan Hava Yolları tərəfindən Türkiyə istiqaməti üzrə çarter reysləri həyata keçiriləcək. Azərbaycana qayıtmaq istəyən vətəndaşların ölkəmizin Ankaradakı Səfirliyi və ya İstanbuldakı Baş konsulluğunda qeydiyyatdan keçmələri xahiş olunur. Geri qayıtmaq üçün müraciət edən vətəndaşlar sırasında aşağıdakı hallara üstünlük veriləcək:
- Türkiyə ərazisində müvəqqəti və ya qısa müddətli əsasda olan;
- Türkiyə ərazisindən tranzit məqsədləri üçün istifadə edən;
- Azərbaycan Hava Yolları ilə qarşıdan gələn günlər üzrə geri qayıtma bileti olan;
- Yaşlı olan, azyaşlı uşağı olan və ya xəstəlik durumu olan şəxslər.
Türkiyədən qayıdan şəxslər müayinədən keçiriləcək və zərurət yarandığı halda 14-28 günlük karantin rejiminə yerləşdiriləcəklər. Bütün vətəndaşlardan karantin rejiminə ciddi şəkildə riayət etmək tələb olunur.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunub və dünyanın əksər ölkələri fövqəladə vəziyyət rejiminə keçib.
Ötən gün Azərbaycanda 2 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özünü normal hiss edi, səhhətləri stabildir.
Qeyd edək ki, hazırda Azərbaycanda 18 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Vəfa Ağabalayeva