Koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə hökumət xüsusi tədbirlər görür. Bu çərçivədə yaşayış yerləri, yollar, prospektlər, insanların sıx toplaşdığı yerlər dezinfeksiya edilir.

Bakı Mənzil Komunal Təsərrüfatının nəzdində olan 11 min 300 binada hər 10 gündən bir dezinfeksiya aparılır. Proses çərçivəsində binaların girişləri, söhbətgahlar, meydançalar, ümumiyyətlə insanların istifadə etdiyi bütün yerlər dezinfeksiya edilir. Dezinfeksiyada istifadə olunan məhlullar virusun tam məhvini təmin edir. Paytaxt ərazisində yerləşən kooperativ binaların və yaşayış komplekslərinin rəhbərlərinə də öz ərazilərində bu kimi profilaktik tədbirlərin keçirilməsi ilə bağlı tapşırıqlar verilib. Bununla yanaşı, yolların və mərkəzi prospektlərin də dezinfeksiyasına başlanılıb. Paytaxtda həmçinin vətəndaşların daha çox istifadə etdikləri ticarət mərkəzlərində də dezinfeksiya işləri aparılır, əlavə qabaqlayıcı tədbirlər görülür. Xüsusilə bazarlarda təmizlik işlərinə nəzarət gücləndirilib. Bazar rəhbərliklərinə hər gün axşam saatlarında bütün satış sahələrinin dezinfeksiyası ilə bağlı xəbərdarlıq edilib və aparılan işlər aidiyyəti qurumların nəzarətinə alınıb. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan 346 məktəbəqədər təhsil müəssisəsində isə dezinfeksiya işləri başa çatdırılıb.

Sabir Bilalov, Qəhrəman Məmmədov