Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasındakı dövlət sərhədi müvəqqəti bağlanıb. Məqsəd hər iki ölkə vətəndaşlarını dünyada tüğyan edən coronavirus infeksiyasından qorumaqdır.
Dövlət sərhədinin bağlanması ilə bağlı qərar martın 18-də saat 00:00-dan etibarən qüvvəyə minib. Bunula belə, Rusiya ərazisində olan soydaşlarımıza vətənə qayıtmağa, eyni zamanda da Azərbaycanda olan Rusiya vətəndaşlarına öz ölkələrinə dönmələrinə şərait yaradılır. Bu məqsədlə Rusiya ilə sərhəddə olan gömrük keçid məntəqələrində xüsusi dəhliz yaradılıb. Artıq Rusiya ilə gömrük keçid məntəqlərindən keçməklə soydaşlarımız vətənə qayıtmağa başlayıblar. Onlar tibbi müayinədən keçirilməklə Azərbaycana buraxılıblar. Bununla yanaşı, Rusiyada olan Azərbaycan vətəndaşlarının vətənə qayıtması üçün çarter reysləri də həyata keçirilir.
Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar Rusiya xarici vətəndaşlar üçün sərhədlərini mayın 1-dək bağlı elan edib. Rusiya hökumətinin qadağa məhdudiyyəti səfirlik və konsulluqların əməkdaşlarına, beynəlxalq nəqliyyatda yük daşıyan avtomobil sürücülərinə, hava, dəniz və çay gəmilərinin ekipaj üzvlərinə, qatar briqadalarının üzvlərinə şamil olunmayacaq.
Elnur Teymurov, Elçin Qurbanov