Azərbaycan Prezidenti İlham Əliyevin karantin rejimi dövründə ehtiyacı olan ailələrə, şəxslərə yardım göstərilməsi ilə bağlı çağırışına ölkə xaricində də qoşulanlar var.  

Səfirliklərimizin xətti ilə xaricdəki soydaşlarımıza, tələbələrə, orada müvəqqəti qalan vətəndaşlarımıza və daimi yaşayan aztəminatlı ailələrə ərzaq yardımı edilir. Gürcüstandakı azərbaycanlı iş adamları kampaniyaya ilk qoşulanlardandır. Belə ki, Azərbaycanın Gürcüstandakı səfirliyi və bu ölkədə fəaliyyət göstərən Azərbaycanlı İş Adamları Birliyi oradakı soydaşlarımıza, müvəqqəti yaşayan vətəndaşlarımıza yardım göstərilməsi üçün birgə fəaliyyət planı hazırlayıb. Plana əsasən, soydaşlarımızın yığcam yaşadıqları ərazilərdə min ailəyə ərzaq məhsullarından ibarət yardım nəzərdə tutulub. İlk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və əlil olan şəxslərin ailə üzvlərinə, Gürcüstanda təhsil alan tələbələrə yardım həyata keçirilib. Hələlik 50 ailəyə ərzaq bağlamaları təqdim olunub. Aztəminatlı ailələr yardıma görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.

Plana uyğun olaraq aztəminatlı ailələrə ərzaq yardımı davam etdiriləcək.