Jurnalistlərin pandemiya ilə mübarizədə rolu nədən ibarətdir?
Koronavirus dünya miqyasında həyatın bütün sahələrində ciddi dalğalanmaya səbəb oldu, ənənəvi həyat ritmini pozdu. Pandemiya qlobalizmi sarsıtdı, hər kəs "evinə" çəkildi, sərhədlərini bağladı.
Təsirlər yalnız cari xarakterli deyil, postkarantin dövründə də iqtisadi kataklizmin yaratdığı "çuxur"ları doldurmaq üçün xeyli resurs və vaxt sərf olunacaq. Əksər təhlilçilər hesab edir ki, COVID-19-a görə yaranan resessiya 2008-2009-cu illərdəki maliyyə böhranından qaynaqlanan resessiyadan daha dərin olacaq.
Şübhəsiz, qlobal miqyasda baş verənlər Azərbaycana da təsirsiz ötüşmədi. Ancaq xüsusi vurğulamalıyıq ki, xəstəlik hələ uzaq Asiyada peyda olanda Azərbaycan artıq preventiv tədbirlərə başlamışdı.
"Xilasedici jilet"
Xəstəlik sürətli yayılma səbəbindən pandemiyaya çevrildi və demək olar, bütün dünyanı ağuşuna aldı. Azərbaycan dövəti belə vəziyyətdə bir neçə istiqamətdə effektiv tədbirlər həyata keçirdi. Birincisi, xəstəliyin geniş yayılmasının qarşısının alınması məqsədilə administrativ addımlar atıldı, izolyasiya tədbirləri, xüsusi karantin rejimi və s tətbiq edildi. İkincisi, əhalinin sağlamlığının təmin olunması üçün xüsusi laboratoriya və testlər alınıb ölkəyə gətirildi, onlarla xəstəxana ən qısa zamanda hazır vəziyyətə gətirildi, maska qıtlığının aradan qaldırılması üçün cəmi iki həftə ərzində istehsal qurğuları alınaraq istehsalat müəssisəsi işə salındı. Nəhayət, üçüncüsü, karantin rejimi şəraitində və postkarantin dövründə pandemiyanın təsirlərinin minimallaşdırılması, çevik iqtisadi reabilitasiyanın və əhalinin sosial rifahının təmin olunmasına hesablanmış proqramlar idi.
Belə ekstremal şəraitdə dövlətlərin qüdrəti həm də mobil, adaptiv siyasi kursla ölçülür. Azərbaycan dövəti iqtisadi gücü, resursları və çevik siyasi qərarları ilə pandemiyanın təsirlərinin mimimallaşdırılması hədəfinə ən yüksək səviyyədə nail oldu.
"Sarı jilet"
Dövlətin koronavirusla mübarizədə həmrəylik çağırışına ictimai reaksiya qaneedici oldu. İnfeksiyanın geniş yayılmasının qarşısının alınmasında bu da olduqca önəmli faktor idi. Evdə qalmaq çağırışlarına əhalinin mütləq əksəriyyətinin əməl etməsi, bir-birinə yardım nümunələri, müxtəlif məzmunlu sosial aksiyalar cəmiyyətdə ruh yüksəkliyi yaratmaqla yanaşı, çətin sınaqlardan birgə çıxmaq, həmrəylik nümunəsi baxımından, mübaliğəsiz demək olar ki, tarixi əhəmiyyət kəsb edirdi. Bu dəfə hər kəs hamı üçün, o cümlədən, yaxınları, uzaqları, tanıdıqları, tanımadıqları - əslində isə bütün bəşəriyyət üçün məsuliyyət daşıyırdı...
Məsuliyyət yükü daha artıq olanlar isə mübarizənin ön cəbhəsində idi - tibb işçiləri, polis əməkdaşları... və bizim qəhrəmanlar – jurnalistlər!
Sarı jilet müasir medianın geyimi kimi qəbul edilir. Bu geyim forması tədbirlərdə, aksiyalarda, hətta xoşagəlməz olaylarda jurnalistləri asanlıqla fərqləndirmək üçün qəbul edilib. Ancaq virus üçün geyimin rənginin, tərzinin fərqi yoxdur.
Bəli, media “döyüş” adlandıra biləcəyimiz bu mübarizədə olduqca strateji "səngər"də, ön cəbhədə, həm də risk zonasında yer alırdı. Dezinformasiyaların, "feyk-nyus"un, həqiqətə uyğun olmayan interpretasiyaların ictimai fikrə təsir gücünü azaltmağın ən doğru yolu düzgün, rəsmi məlumatların mediada və sosial mediada dominantlığını təmin etməkdən ibarət idi.
Əminliklə demək olar ki, KİV bu ekstremal vəziyyətdə öz işinin öhdəsindən layiqincə gəldi, yeni çağırışlar qarşısında kifayət qədər adaptiv davrana bildi.
Azərbaycan teleməkanı efir “setka”sında dəyişikliklərə getdi, bu məzmunlu məluatlandırma və maarifləndirməni əsas prioriteti kimi tətbiq etməyə başladı.
Bu missiyada Azərbaycan Televiziyasının xüsusi yeri danılmaz idi. Bu barədə qəhrəmanlarımız özləri danışacaqlar.
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini Rüfət Həmzəyev deyir ki, televiziya dərhal gücləndirilmiş iş rejiminə keçdi, efirin kontentində dəyişikliklər edildi:
"Xüsusilə 3 məqamı qeyd etmək istərdim – insanların mediaya münasibəti, ənənəvi medianın yenidən populyarlaşması məsələsi və əmək münasibətlərinin qurulması. Etiraf etməliyik ki, son illərdə klassik media yeni media qarşısında mövqelərini sürətlə itirməkdə idi. Ancaq son hadisələr göstərdi ki, ictimaiyyət ənənəvi mediaya daha çox etibar edir. Çünki ənənəvi media məsələyə fundamental yanaşma ilə fraqmental yanaşmanın fərqini praktik olaraq göstərdi. Həm də bu, ekstremal şəraitdə işləmək təcrübəsinə çevrildi. 30 il əvvəl medianın belə bir təcrübəsi mövcud idi, son illərdə isə yalnız Aprel döyüşləri və hazırda pandemiya günlərində bu rejimin test edildiyini deyə bilərik. Tamaşaçı hazırkı vəziyyətdə təkcə "nə baş verdi" deyil, həm də "niyə baş verdi" və "bundan sonra nə olacaq" suallarının cavabını istəyirdi və klassik media bu funksiyanı üzərinə götürdü. Yalnız bir nümunə göstərmək istəyirəm: AzTV əməkdaşlarının reanimasiya şöbəsindən hazırladığı reportaj “Youtube”da bir həftə ərzində birinci oldu. Bu, həm də ictimaiyyətin ciddi xəbərə, məlumatyüklü materiala münasibətinin göstəricisidir.
Əmək münasibətlərinə gəldikdə isə, məsələn, AzTV-də ümumi işə təsir göstərməyəcək dərəcədə əməkdaşlarımızın böyük hissəsi – onların əməkhaqları saxlanılmaq hazırda evdən işləyirlər. Bu, bir nümunədir. Yəqin ki, gələcəkdə bütün dünyada əmək münasibətlərinə yeni baxış formalaşacaq, artıq az resurslarla daha çox iş görmək, məsafədən işləmək baxımından yeniliklər tətbiq olunacaq".
Azərbaycan Televiziyasının İnformasiya Proqramları Studiyasının baş direktoru Mehriban Məmmədova bildirir ki, qeyri-dəqiq informasiya virus qədər təhlükəlidir:
“Xəbərlər”də iş hər zaman gərgindir. Amma təbii ki, koronavirusla mübarizə dövründə informasiya hazırlamaq və yaymaq prosesi üzərimizə əlavə məsuliyyət qoyur. Çünki mövcud vəziyyətdə hər hansı qeyri-dəqiq informasiya virus qədər təhlükəlidir. Bu baxımdan komandamız risk qrupuna daxil olduğunu bildiyi halda işə qətiyyən laqeyd münasibət göstərmir. Gücləndirilmiş iş rejimində fəaliyyətimiz davam edir. Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar yollarda, marketlərdə, adiyyəti qurumlarda görülən işləri “birbaşa bağlantılar” vasitəsilə operativ olaraq təqdim edirik. Ən əsası isə koronavirusa yoluxan insanların müalicə olunduğu xəstəxanalardan xüsusi reportajlarımız yayımlanır. Bununla biz virusdan əziyyət çəkən insanların özlərinin dili ilə məsələnin nə qədər ciddi olduğunu göstərməyə çalışırıq. Eyni zamanda, pandemiyanın iqtisadiyyatda, insanların yaşayış tərzində yaratdığı çətinlikləri aradan qaldırmaq üçün dövlətin gördüyü tədbirlərlə bağlı analitik süjetlər təqdim edirik. Bir sözlə, evdə qalan insanların ehtiyac duyduqları məsələlərdən biri olan informasiyanın düzgün, dəqiq, operativ çatdırılması üçün bütün qüvvəmizi səfərbər etmişik".
Televiziyanın daha bir əməkdaşı Ayşəm Rüstəmova bu günlərdə ən qaynar, ən riskli nöqtələrdə idi. Ağır koronaviruslu xəstələrlə müsahibələr hazırlamış Ayşəm Rüstəmova bu günlərin onun üçün unudulmaz olduğunu deyir:
"Biz komanda olaraq insanları inandırmağı hədəfləyirdik. Çünki anladıq ki, insanlara səbəbləri, qorunma üsullarını, yoluxma variantları ilə yanaşı, nəticəni göstərməliyik. İnam yarada bilmək üçün mən, operatorumuz Zaur Bayramov, Urfan Əliyev gördüklərimizi göstərməyə çalışdıq. Bu gün oxuyuram ki, COVID-19 virusunun dərmanını tapdığını deyən professor açıqlama verir. Bildirir ki, əgər xəstənin boğulmasının qarşısı alınsa, bədən virusa qalib gələcək. Çünki ölümlər boğulmadan baş verir. O, boğulma olmasa, virusa qalib gəlməkdən danışır. Biz həmin boğulmanı gördük. O insanlar bir ömür gözümün qarşısından getməyəcək...
Düşünürəm ki, media mümkün şərtlər altında xeyli məhsuldar işlədi. Media nümayəndələrinin əksəriyyəti də evdən çalışırdı. İstər-istəməz xəbərə çatmaqda risk var. Amma tam səmimi fikrimdir: hökumət, qurumlar bu baxımdan olduqca operativ işlədi. Xəbərlər, rəqəmlər, maarifləndirici müqayisələr haqqında suallarımıza vaxtında cavab aldıq və bunu çatdırdıq".
Azərbaycan Televiziyasının "Evdə qal" telelayihəsi də bu günlərdə qısa zamanda ərsəyə gəlmiş, ancaq böyük maraqla qarşılanmış proqramlardan biri idi. Proqramın aparıcısı Kamran Ağabalayev deyir:
"Evdə qal" insanlarımızı evdə saxlamağa çalışdı. Bu gün ən böyük qəhrəmanlıq, dünyanı xilas etmək evdə qalmaqdan keçir. İnsanlar isə sanki buna hazır deyildilər; bəlkə bundan çətin çağırışa daha hazır idilər, nəinki evdə qalmağa. Bəzən günlər olurdu ki, biz təcili tibbi yardım maşınının tıxacda çabaladığını görürdük. Ancaq bu gün dünyadakı statistikalarla müqayisədə ölkəmizdəki vəziyyətə baxsaq, deyə bilərik ki, haradasa istədiyimizə nail olmuşuq. Doğrudur, hətta bir insan da olsa itirmişiksə, bu faciədir, hansısa ailənin işığının sönməsidir, ancaq məsələyə qlobal yanaşsaq, biz vəziyyətdən daha az itkilərlə çıxmağa yaxınıq. Burada bizim də müəyyən rolumuzun olduğunu düşünürəm".
Biz həmişə dahiləri, qəhrəmanları uzaqlarda axtarırıq. Amma onlar düz yanımızda, ətrafımızda, evimizdə də ola bilər. Elə biz də qəhrəman ola bilərik. Nə qədər ki, bəşəri missiyanı həyata keçirmək, qəhrəmanlıq etmək bu qədər asandır: sadəcə, #evdəqal-maq tələb olunur. Gəlin, hər birimiz qəhrəman olaq!
Vüsal Məmmədov
Yazı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin elan etdiyi “Görünməyən qəhrəmanlar” mövzusunda jurnalistlər və yazarlar arasında "Ən yaxşı yazı" müsabiqəsinə təqdim olunur.