"Koronavirus dövrü həm də onu göstərdi ki, bizim hansı sahədə boşluqlarımız var. Kütlələrlə, ailələrlə, insanlarla işləyən və onlara xidmət göstərən sahələrin hansı daha çox inkişaf etdirilməlidir, aydınlaşdı".

Bu sözləri Azərbaycan Televiziyasının (AzTV) “Koronavirus İnfo” verilişinin “Ekspert rəyi” rubrikasının qonağı olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. Komitə rəhbəri karantin günlərində ailələrdə yaranmış problemlərdən danışarkən vurğulayıb ki, həm sosial, həm mənəvi, həm də fiziki məhdudiyyətlərlə üzləşmiş insanlarda və ailələrdə müxtəlif problemlərin meydana çıxması qaçılmazdır: “Bütün dünyada bu tendensiya izlənilir. Elə ölkələr var ki, ailədaxili münaqişələr statistikasında öndə gedirlər. Biz əlimizdə olan imkanlarla daha çox vəziyyətin təhlilinə, mövcud durumda ailələrdə baş verə biləcək hadisələrin qarşısının alınmasına çalışdıq. Doğrudur, bütövlükdə hadisələrin qarşısını almaq mümkün deyil. Bu qısa karantin müddətində altı ciddi ailədaxili münaqişə baş verib. Bu münaqişələr içərisində insan həyatına son qoyulması faktı da, uşaq psixologiyasına mənfi təsir edən hal da var. Ümumilikdə götürdükdə, Azərbaycanda bu sahədə vəziyyət başqa ölkələrə baxanda çox yaxşıdır".