"Dövlət başçısının göstərişi ilə birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, proqramın əhatə etdiyi aztəminatlı şəxslərin sayı 200 mindən 600 minə çatdırılıb".

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov AzTV-nin "Xəbərlər" proqramında, birbaşa bağlantıda məlumat verib.

F.Talıbov qeyd edib ki, ümumilikdə isə işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər tərəfindən birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına edilən müraciətlərin qəbulu artıq yekunlaşıb, daxil olmuş müraciətlərin emalı prosesi isə davam edir: "Birdəfəlik ödəmələrin təyinatında ünvanlılıq prinsipi üstün tutulur. Xüsusilə aprelin 1-dək işsiz kimi qeydə alınan, çalışdığı qeyri-formal iş yerini xüsusi karantin dövründə itirən, ailə gəlirlərinin daha aşağı səviyyədə olduğu (e-informasiya bazalarının məlumatları əsasında) müəyyən edilən şəxslər diqqətdə saxlanılır. Bu günədək onlardan 400 min şəxsə birdəfəlik ödəniş təyin edilib. Gələn müraciətlərin araşdırılması davam edir. Yəni bu vəsaitə ehtiyacı olan vətəndaşlarımızın müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir".

Daha ətraflı təqdim etdiyimiz videosujetdə.