Daha 4 rayonda xüsusi karantin rejimi qaydalarını pozan icra nümayəndələri barəsində cinayət işləri başlanıb. 

Baş Prokurorluğun məlumatına görə, onlar vəzifə saxtakarlığı etməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz arayışlar veriblər.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması hallarına rast gəlinməkdədir. Prokurorluq orqanları tərəfindən qeyd olunan qanunsuz hallara qarşı qanunamüvafiq tədbirlər davam etdirilir. Şirvan, Naftalan şəhər, İmişli və Bərdə rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə şəhər və rayon icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olmuş müraciətlərə baxılıb.

Araşdırmalarla Şirvan şəhər İcra Hakimiyyəti başçısının Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi vahidi üzrə nümayəndəsi Pünhan Mənsimov və 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəqani Həsənov, Naftalan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Cabbarov, eləcə də İmişli Rayon İcra Hakimiyyəti başçısının Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafael Həsənov tərəfindən vəzifə saxtakarlığı etməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz arayışlar verməsinə əsaslı şübhələr müəyyənləşib. Bundan başqa, Bərdə rayon İcra Hakimiyyəti başçısının Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azad Salmanovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rayon daxilində səyyar formada kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsinə icazə üçün müraciət etmiş ayrı-ayrı şəxslərə arayışlar təqdim edərkən qanunsuz hərəkətlərə yol verməsinə şübhələr müəyyən olunub.

Qeyd olunan şəxslər müvafiq rayon icra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad ediliblər. Toplanan materiallar üzrə Şirvan şəhər, Goranboy, İmişli və Bərdə rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 308.1  - vəzifə səlahiyyətlərindən sui-istifadə və 313-cü  - vəzifə saxtakarlığı maddələri ilə cinayət işləri başlanıb. Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir.