Azərbaycan Televiziyasının “Çıxışa doğru” tok-şousunda qadın zorakılığı mövzusu müzakirə olunub.
“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova qeyd edib ki, mental dəyərlər bəzən yanlış qəbul edilir: “Deyirlər ki, qadın dözməlidir. Zorakılığa məruz qalmış və 10 ildən sonra boşanmış bir qadın var idi, danışırdı ki, hər cür zorakılığa məruz qalıb, ancaq boşanmayıb. Səbəbini isə onunla izah edirdi ki, ətraf nə deyərdi?! 10 il bundan öncə bunu dayandıra bilərdin axı... Onsuz da dayandırdın, bu qədər müddət bu zülmə niyə dözürdün?! Bir məsələ də var, biz adətən fiziki zorakılıqdan danışırıq, ancaq iqtisadi, psixoloji, cinsi və s. zorakılıq faktları da kifayət qədər çoxdur”.
Əməkdar artist Mehriban Xanlarova deyib ki, gənclər seçimlərinə daha həssas yanaşmalıdırlar: “Eyni zamanda valideynlər övladlarını tez ərə vermək, tez evləndirmək haqda düşünürlər: 24 yaşın varsa, ərə getməmisənsə, vəssalam, evdə qalmısan”.
Hüquqşünas Əlövsət Allahverdiyev isə bildirib ki, qanunlar, təbii ki, əhəmiyyətlidir, ancaq ilk növbədə düşüncə tərzinin dəyişməsi çox vacibdir: “BMT qadın zorakılığına qarşı sənəd qəbul edirsə, deməli, məsələ qlobal miqyasda narahatlıq doğurur”.
“Olke.az” saytının əməkdaşı Vüsalə Cəfərova deyib ki, qadın zorakılığı ilk növbədə savadsızlıqdan irəli gəlir: “Qadın təhsil almayıb, düşünür ki, bu gün boşansam, sabah gedib necə dolanacağam və yaxud övladım varsa, onu necə saxlayacağam. Ancaq burada bütün günahı kişilərin üzərinə qoymaq olmaz. Mən elə ailələr tanıyıram ki, bu istismarın başında ana dayanır. Ana öz qızının zorakılığa məruz qalmasını qəbul edir, ancaq geri qayıtmasını istəmir”.
Canlı efirə bağlanan erkən evliliyə məcbur edilmiş və ailədaxili zorakılığa məruz qalmış qadın başına gələnləri bölüşüb: “Hər gün övladlarımın gözü qarşısında döyülürdüm. Uşaqlarım qışqırırdı, bağırırdı. Ataları gecə 2-də, 3-də döyürdü. Adi çörək üstündə qırğın düşürdü. Məndən qabaq iki dəfə evli olub, hərəsi ilə 2-3 ay yaşayıb”.