Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə ötən sutka ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1029 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 262 nəfər olmaqla ümumilikdə 1291 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Gün ərzində karantin postlarında aparılan yoxlamalar zamanı 175 nəqliyyat vasitəsi paytaxt, 291-i rayon istiqamətinə olmaqla 466 avtomobil geri qaytarılıb, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 2 nəfər şəxs aşkar edilib.