"Bu, koronavirusun birinci dalğasının pik həddidir, ikinci dalğadır, virusun başlanğıc mərhələsidir, yoxsa ən təhlükəli vaxtınımı yaşayırıq, bunları qiymətləndirmək indi mümkün deyil. Bunu gələcəkdə geriyə baxış və aparılan tibbi, sosioloji tədqiqatlar nəticəsində qiymətləndirmək olacaq. Harada olmağımızdan aslı olmadan bilməli olduğumuz bir məsələ var, insanlıq çox böyük təhlükə ilə üz-üzədir”.
Bu sözləri Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişində tanınmış həkim, deputat Rəşad Mahmudov koronavirusdan danışarkən deyib. O, bildirib ki, insanlıq adi qrip qarşısında boğularaq ölmək və həkimlərin xəstəxanalarda bütün imkanları ortaya qoymasına baxmayaraq çarəsiz qaldığı vəziyyətlə üz-üzədir: “Bunu nəzərə alaraq biz ehtiyyatlı olmaq məcburiyyətindəyik. Dövlətin inzibati tədbirlərinə görə yox, vətəndaş olaraq məsuliyyətimizi anlamalı, qaydalara əməl etməliyik. İnsanlar əmin olsun ki, bir gün koronavirus bitəcək, bu dalğalar keçəcək. Amma ona kimi insanlar özlərini və ətrafını qorumalıdırlar”. R.Mahmudov deyib ki, post-pandemiya dövrünün nə zaman olacağı bilinmir: “Ən azından qarşıdakı altı ay və ya bir il müddətində post-pandemiya gözlənilmir. Bu virus bizimlədir, dünya tibbi virusla mübarizə üsulunu tapana qədər qorunmalıyıq. Hazırda dünya tibbində COVID-19-un necə davrandığı haqqında dəqiq məlumat yoxdur. Bir həkim kimi deyirəm ki, ağ ciyərlərin xəyal belə edilməyəcək tutulmaları ilə qarşı-qarşıyayıq. Dünya ekspertlərinin, virusoloqlarının da tövsiyəsi budur ki, zaman içərisində mutasiyaların yenidən daha az insana zərər verəcək üsulu tapılana qədər, özünüzü qoruyun. Arzulayırıq ki, rəqəmlərdə sağalma sayı yoluxma sayını üstələsin, tezliklə koronavirus zərərsizləşdirilə bilsin. Amma azalıb, bitsə də, yenə arxayınlaşmamalıyıq. O cəmiyyətlər uğurlu olacaq ki, vətəndaşlar virusla bağlı vəziyyət tam nəzarətə alınandan sonra da, bu həyat tərzini davam etdirəcəklər, uzun müddət koronavirusdan qorunacaqlar”.