Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirusla mübarizə sahəsində çalışan daha bir qrup xarici mütəxəssis Azərbaycana gəlib. Onlar azərbaycanlı mütəxəssislərlə birgə COVID-19-a yoluxan vətəndaşlarımızın müalicəsində iştirak edəcəklər.
COVID-19-a qarşı birgə mübarizə aparmaq məqsədilə gələn xarici mütəxəssislərin bir qrupu da Kubadandır ki, artıq kubalı tibbi briqada Azərbaycandadır. Kubanın beynəlxalq Fəlakət vəziyyətləri və epidemiyalar üzrə həkimlər kontingentinin müxtəlif ixtisaslı 100-dən çox səhiyyə işçisi azərbaycanlı həkimlər və tibb personalı ilə təcrübə mübadiləsində iştirak edəcək və ayrı ayrı xəstəxanalara cəlb ediləcəklər.
Qeyd edək ki, Kubanın səhiyyə və tibb sahəsində geniş təcrübəsi var. Bu ölkə yoluxucu xəstəliklər, xüsusilə Ebola virusuna qarşı mübarizədə geniş təcrübəyə malikdir. Bu gündən etibarən ölkəmizə gələn səhiyyə işçiləri pandemiyaya qarşı mübarizədə azərbaycanlı həkimlərlə çiyin-çiyinə mübarizə aparacaqlar.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Şöbə müdiri Ramin Ağayev deyib ki, Kuba Respublikasının tibb işçilərindən ibarət böyük heyət Azərbaycanda pandemiya ilə mübarizə tədbirlərinə cəlb olunmaq üçün xüsusi reyslə ölkəmizə gətirilib: “Yaxın zamanda keçiriləcək planlama işlərindən sonra həmin heyət xəstəxanalarımızda müvafiq vəzifələrdə işlərinə başlayacaqdır. Bu heyət 3 ay müddətində Azərbaycanda olacaq”
Xatırladaq ki, Kuba həkimləri hazırda Karib hövzəsi, Mərkəzi Amerika, Avropa, Cənubi Amerika, Afrika və Orta Şərqin 35 ölkəsində pandemiya ilə mübarizəyə qoşulub. Yüksək ixtisaslı mütəxəssislərin ölkəmizə gəlişinin koronavirusla mübarizədə müsbət nəticələrin daha tez əldə olunmasına töhfə verəcəyi gözlənilir.
Samir Oruc, Xalid Əliyev