“Azərbaycanla Macarıstan arasında mövcud olan strateji əməkdaşlıq məmnunluq doğurur. İki ölkə arasında iqtisadiyyat, ticarət, təhsil, mədəniyyət, turizm, səhiyyə və digər sahələrdə mövcud olan münasibətlər bundan sonra da genişlələnəcək”.
Bu fikirlər ölkəmizdə səfərdə olan Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyartonun Xarici İşlər Nazirliyində keçirdiyi görüşdə səslənib.
Peter Siyarto onu da əlavə edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Macarıstanın mövqeyi dəyişməz olaraq qalır. “Ölkəmiz Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir”.
Xarici İşlər Nazirliyində keçirilən görüşdə macar nazir vurğulayıb ki, COVID-19-la mübarizəyə dair BMT-nin xüsusi sessiyasının keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin təşəbbüsü Macarıstan tərəfindən dəstəklənib. Xarici İşlər naziri Ceyhun Bayramov 2 ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirib, qarşılıqlı səfərlərin əlaqələrimizin daha da dərinləşməsində roluna toxunub. Görüşdə Ermənistan tərəfinin son hərbi təxribatı, qlobal pandemiya şəraitində beynəlxalq əməkdaşlığın əhəmiyyəti, Azərbaycanın Avropanın enerji təminatında rolu və digər məsələlər müzakirə olunub.
Sonra “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC ilə Macarıstanın “Duna” televiziyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bildirilib ki, Azərbaycan Televiziyası nəzdində fəaliyyət göstərən Televiziya Akademiyasına da dünyanın müxtəlif televiziyalarından gələn mütəxəssislərin təcrübəsinin öyrənilməsi, eyni zamanda AzTV mütəxəssislərin həmin televiziyalardakı əməkdaşlara təcrübə keçməsi məsələsi də gündəmdədir.
Tural Qurbanov