Ölkəmizdə ilk dəfə olaraq COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında keçirilən seroloji testlər yekunlaşmaq üzrədir. Yaxın zamanda ilkin nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.

Seroloji testlərin keçirilməsində məqsəd əhali arasında COVID-19 xəstəliyi haqqında təsəvvürün olması, əhalinin neçə faizinin bu virusa yoluxub-yoluxmadığını, yoluxmuş insanlarda yaranan immunitetin səviyyəsinin öyrənilməsidir. Seroloji testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə ödənişsiz aparılır. Bu məqsədlə Çağrı Mərkəzindən zəng edilir, qan almaq üçün testdən keçməyə razılıq verən şəxsin evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş tibb bacısı göndərilir. Müayinə üçün venadan 3-5 ml qan nümunəsinin alınması kifayətdir. Sonra qan nümunəsi laboratoryalara çatdırılır və analiz edilir, qısa müddətdə nəticələri bərədə vətəndaşa məlumat verilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mikrobiologiya işçi qrupunun rəhbəri Qumral Ələkbərova deyib ki, artıq Bakıda mindən çox qan nümunəsi alınıb: “Deyə bilərəm ki, Bakı şəhəri üzrə seroloji testlər yekunlaşdırılır. Bununla yanaşı Gəncə və Sumqayıtda da tədqiqata başlanılıb. Orda da artıq 100-ə yaxın nümunə toplanılıb”. Seroloji testlərə vətəndaşlarımızın yanaşmasına gəlincə isə Q.Ələkbərova bildirib ki, başlanğıcda bir az tərəddüd olub: “Sevindirici haldır ki, sonrakı mərhələdə vətəndaşlar testdən keçməyi çox yaxşı qarşıladı. Bir ailə üzvü seçilibsə, sonra zəng edib digər ailə üzvlərindən də test etdirmək istəyənlər oldu. Sevindirici haldır ki, vətəndaşlar prosesdə aktiv iştirak etdilər”.

Qeyd edilir ki, seroloji testlərin keçirilməsindən əldə edilən nəticələrin sanitar-epidimoloji qaydaların tənzimlənməsinə müəyyən təsiri olacaq. Eyni zamanda əhali arasında virusa qarşı formalaşmış immunitet səviyyəsinin öyrənilməsi pandemiya ilə mübarizə üçün daha doğru yanaşmalar seçməyə imkan verəcək.

Südabə Cahangirli, Atababa Vəliyev