Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb.
Dövlətimizin başçısı məktubunda zəngin tolerantlıq ənənələrinə malik Azərbaycanda tarixin heç bir dönəmində din və məzhəb zəminində ayrı-seçkilik hallarının olmadığını, etnomədəni müxtəlifliyin günümüzədək qorunub saxlanıldığını bildirib.
Azərbaycan Prezidenti qeyd edib ki, cəmiyyətimizdə qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin, mütərəqqi ictimai-əxlaqi dəyərlərin təbliği və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindəndir.
“Bu gün milli-mənəvi həmrəyliyin və nümunəvi dözümlülük mühitinin hökm sürdüyü cəmiyyətimizdə xristian icmasının özünəməxsus yeri vardır. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, xristian etiqadlı vətəndaşlarımız ölkənin ictimai-siyasi və mədəni həyatında layiqincə təmsil olunur, doğma evimiz Azərbaycanın inkişafına və tərəqqisinə əhəmiyyətli töhfələr verirlər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Pasxa bayramının yeniliyi, dirçəlişi, mərhəmət və xeyirxahlıq duyğularını təcəssüm etdirdiyini bildirən dövlətimizin başçısı Azərbaycanın bütün xristian icmasına xoş bayram ovqatı, sevinc və rifah arzulayıb.