ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi dünya çempionatının oyunlarını iyunun 17-dək stadionlardan ümumilikdə 1,5 milyondan çox azarkeş izləyib.

 

İyunun 16-sı isə tamaşaçı sayı baxımından dünya çempionatları tarixində yeni rekordla yadda qalıb. Həmin gün keçirilən qarşılaşmaları ümumilikdə 281 min 223 nəfər tribunadan izləyib. Argentina – Əlcəzair matçını Kanzas-Sitidə 69 min 45 tamaşaçı izləyib. Fransa – Seneqal görüşünə isə Nyu-York/Nyu-Cersi şəhərində 80 min 545 azarkeş tamaşaçı qismində qatılıb. Norveç – İraq və Avstriya – İordaniya qarşılaşmalarında da stadionların doluluq səviyyəsi 98 faizdən çox olub.

Turnir televiziya auditoriyası baxımından da yüksək göstəricilər nümayiş etdirir. Ev sahibi ölkələrin ilk oyunlarını ABŞ, Meksika və Kanada üzrə ümumilikdə 54 milyondan çox tamaşaçı izləyib.

Meksika millisinin mundialdakı ilk görüşü orta hesabla 23,4 milyon tamaşaçı toplayaraq ölkədə XXI əsrdə ən çox izlənilən dünya çempionatı matçı olub. Həmin qarşılaşma zamanı televiziya izləyicilərinin 72,1 faizi məhz Meksika yığmasının oyununa baxıb.

Kanada millisinin ilk matçı da böyük maraq doğurub. Qarşılaşmanı orta hesabla 3,1 milyon tamaşaçı izləyib. Bu göstərici Kanada yığmasının XXI əsrdə dünya çempionatlarında keçirdiyi oyunlar arasında üçüncü ən yüksək nəticə kimi qeydə alınıb.

Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq.