XXI əsrin birinci onilliyində dünyada gedən tendensiyalar fonunda televiziya və radio nəzəriyyəçiləri ilk dəfə olaraq inqilabi dəyişikliklərə hazır olmağın anonsunu verdilər.
Bu anonslarda daha çox narahatlıqlar görünürdü.
Onda isə kütləvi auditoriyası və əlçatan təbiəti ilə müasir həyatın tanış bir hissəsinə çevrilən radio, nəinki 21-ci əsrdə onun gələcəyinin perspektivsizliyini iddia edən skeptiklərin dediyi kimi, yerini kompüter və şəbəkə texnologiyalarına verərək məğlub vəziyyətdə bazarı tərk etdi, əksinə, onların bu dəfə də açıq şəkildə yanıldıqlarını göstərərək, özünü yeni layihələrin etibarlı kontetlərindən biri kimi ortaya qoydu. O spektiklər növbəti dəfə sürətli texnoloji irəliləyişlərin ictimai kommunikasiyanın əsas kanallarından biri olduğunu, radio yayımının kütləvi cəlbediciliyini və hər yerdə mövcudluğunun fakta çevrildiyini qəbul etmək zorunda qaldılar. Bugünkü çoxtərəfli informasiyanın qarşılıqlı əlaqəsi sistemində radio yayımı populyarlığını qorumaqla yanaşı, həm də yeni metodlar (məlumat-əyləncə, interaktivlik) və fəaliyyət formaları (yayım formatları) əldə etdi. İnternet sayəsində radio, yayımının əhatə dairəsini genişləndirmək, dinləyicilərin populyarlığını daha da artırmaq və təşkilati, struktur və peşəkar-yaradıcı potensialını reallaşdırmaq gücündə olduğunu təsdiqlədi. Hələlik əldə edilən nəticə onu göstərir ki, kütləvi kommunikasiya bu gün ən geniş şəkildə radio yayımı ilə təmsil olunur və bu, peyk rabitəsinin və internetin inkişafından yeni təkan alaraq demək olar ki, hər yerdə yayıla bilib.
Bütün bunlar 1926-cı il noyabrın 6-da, Azərbaycan Radiosunun “Diqqət, danışır Bakı” sözləri ilə yayımlanması fonunda növbəti dəfə regionda “ilk”ə imza atmasından qərinələr keçəndən sonra ortaya çıxan gerçəkliklər fonunda üzbəüz qaldığımız reallığa dönəcək. İrəli getmədən, o məsələni qeyd edək ki, həmin tarix nəinki Azərbaycanda, habelə Yaxın Şərqdə ilk radio yayımı günü kimi mədəniyyət salnaməmizə yazıldı. Sovet Azərbaycanının paytaxt küçə və meydanlarında quraşdırılan reproduktorlardan yayılan o səs ancaq ingilis fiziki Uilyam Kruksun 54 il əvvəl elektromaqnit dalğalarından istifadə edərək yaratdığı simsiz teleqraf rabitəsinin praktik təcrübələrinin neft Bakısında tətbiqi hadisəsi deyildi. Bu, unudulmaz azərbaycanlı maarifpərvər, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin görmək istədiyi mətbuatın irəliyə doğru atdığı möhtəşəm addımı idi.
Fəaliyyətə başladığı ilk vaxtlardanca insanların “sehrli qutu” adlandırdığı Radio ancaq əsas informasiya mənbəyi olmadı, o, maarifçilyin tribunasına çevrildi. Radio öz dinləyiciləri arasında nitq mədəniyyətini formalaşdıran, ayaq aça bildiyi bütün coğrafiyada Azərbaycan ədəbi dilin yayılmasını təşviq edən müəllimə çevrildi. Savadsızlığın-oxumaq-yazmaq bilməyən və yaxud bunları öyrənməkdə çətinlik çəkən insanların böyük əksəriyyət təşkil etdiyi mühitdə bunun nə qədər vacib amil oduğunu söyləmək belə, artıqdır. Bu, həm də, sosial ünsiyyətin ilkin kərpicləri idi və cəmiyyətdə o kərpiclərin qoyulmasında radionun təsəvvürolunmaz xidmətləri əvəzolunmaz idi. Bir sözlə, radio həmin dövrlərdə və ondansonrakı mərhələdə ən vacib sosial-siyasi, iqtisadi və mənəvi problemləri ortaya qoymaq, işıqlandırmaq və aradan qaldırmaq prosesində bütün sosial qurumların və sistemlərin nümayəndələri – jurnalistlərlə vətəndaşlar, həmçinin müxtəlif elm-sənət adamlarının birgə yaradıcılıq emalatxanasına çevrildi. Bu, həmçinin o vaxtlarda, Azərbaycan jurnalistikasının elə də böyük olmayan tarixinə yenilikərin daxil olduğu məqamlar idi və həmin məqamlarda baş verənlər fərdin doğumu ilə başlayan sosial mühitdə fəaliyyət prosesinin parçasına beləcə çevrildi. Sosial mühit fərdin inkişafı üçün zəruri olan sosiallaşma komponentlərini yaradırdı ki, bu da ailə, təhsil, hüquq, media, siyasət və din institutları tərəfindən dəstəklənən, son nəticəsi dramaturgiyamızın parlaq imzalarından birinə çevrilən Cəfər Cabbarlının dediyi kimi, “insanların şüurunda inqilab yaradan” başlıca sosial hadisələrdən biri oldu.
Bunları haqlı olaraq onun meydana çıxdığı vaxtdan 30 il sonra – 1956-cı il fevralın 14-də fəaliyyətə başlayan Azərbaycan Televiziyasına gedən yolun başlanğıcı kimi də qəbul edənlər var və fikrimizcə, bu qənaətdə olanlar tamamilə haqlıdırlar. Bunlardan əlavə, televiziya və radio jurnalistikamızda, həmçinin ictimai həyatımızda başlıca informasiya təminatçısına çevrilməklə maarifləndirici, əyləndirici funksiyasında əsas ağırlığı öz üzərinə götürdü, sosial və siyasi proseslərə təsir göstərməkdə alternativsizliyini ortaya qoydu. Təsadüfi deyil ki, kommunikativ və təşkilati funksiyada dialoq platforması kimi çıxış edən bu tandem vaxtaşırı televiziya və radio mütəxəssislərinin nəzəri mülahizələrinin əsas subyektinə çevrildi. Gözlənilən faktorlar isə ona işarədir ki, həmin tendensiya qarşısıalınmaz proses olaraq qalmaqda davam edəcək.
Dəyərli həmkarlarımızı 22 İyul Milli Mətbuat günü – peşə bayramı münasibəti ilə təbrik edərək xatırlatmağı zəruri sayırıq ki, hər bir prosesin korreksiyasını şərtləndirən faktorlar zamanın diqtəsi ilə yazılır.
Əbədi görünən faktorlar müasir çağırışların bəzən kəsişdiyi, bəzənsə paralel getdiyi günümüzdə televiziya və internet məzmununun konvergensiyasında bu, aydın görünür. Hər bir televiziyanın siması hesab edilən aparıcılarının öz sosial media kanallarını yaratmağa, bloqçuların televiziyada görünməyə can atdığı məqamları telekanalların niyə bloqçulara ehtiyacı olduğunu, onların məzmununun televiziya məzmunundan necə fərqləndiyini, proqramların hansı formatda təşkili barədə debatların getdiyi vaxtlarda inkarolunmaz gerçəklik fakta çevrilir: televiziya nəzəriyyəçilərinin reallığa çevrilən gerçəklik qarşısında “uduzduğu” mütləq kimi görünür. Yaranan mənzərə televiziya və internet auditoriyası arasındakı “antaqonizmin”- televiziya tamaşaçılarının xətti yayım və ənənəvi proqram formatlarına öyrəşmiş yaşlı insanlarla məzmunu əsasən onlayn istehlak edilən, özləri üçün əlverişli vaxtda izləmək və yaradıcılarla qarşılıqlı əlaqədə olmaq imkanındakı gənc tamaşaçıların praktik situasiyanın tablosudur. Bu tabloda “klassiklərlə” “sürrealistlər” arasında “axan yeraltı suların” hansısa fəsadlar yaratmadan axması nikbinlik üçün əsaslar verir. Televiziya kanalları ənənəvi televiziya məzmunu istehlak modelinin dəyişdiyini və auditoriyanı cəlb etmək üçün yeni formatları nəzərdən keçirməli olduqlarını qəbul etməkdən savayı, “yenilənmənin” qaçılmaz olduğunu etiraf etməklə praktik addımlar atırlar.
Nəticədə qloballaşmanın ən dərin təzahürü KİV şəbəkələri kontekstində fərdlər və bütövlükdə dünya, xalqlar və ölkələr arasında sıx münasibətlərin formalaşmasıdır. İnternet resurslarının sürətlə həyatımıza daxil olmasına baxmayaraq, müasir televiziya zəmanəmizin ən qabaqcıl kütləvi informasiya-mədəniyyət vasitəsinə çevrilmiş və bu istiqamətdə işini davam etdirir. Müasir televiziya mediası hələ də zəngin, çoxşaxəli və çoxölçülü kompleksi olmaqla kütləvi kommunikasiya vasitəsi və dəyər daşıyıcılarının ən mühüm komponenti hesab olunur. O, nəinki bütün zamanların cəmiyyətlərlərində ən etibarlı informasiya daşıyıcısı, həmçinin sosial durumun barometri kimi qəbul edilir.
Bu yazıda müasir mühitdə TV-nin nə dərəcədə aktual olduğunu araşdırmamıza başlamazdan əvvəl onu xatırladaq ki, sürətlə dəyişən media mənzərəsində Azərbaycan telekanalları rəqəmsal mühitə assimilyasiya prosesi hiss olunmayacaq qədər üzvi şəkildə baş verdi. Günümüzdə televiziyanın texniki və funksional təkamülünü izləməklə sosial şəbəkələrdə televiziya mediasının yaranmasına nəyin səbəb olduğunu və inkişaf tendensiyalarını proqnozlaşdıra bilmək, televiziyalar arasında oxşarlıq və əsas fərqləri müəyyənləşdirərək nəticələri perspektiv fəaliyyətimizdə tətbiq etmək, mövcud yerli və xarici analoji seqmentlərdə monitorinqlərin aparılmasını metodiki olaraq həyata keçirmək qaçılmazdır.
Sosial təfəkkürdə televiziya istehsalının böyük əksəriyyətində məzmunun aşağı səviyyədə olmasından narahatlıq ifadə olunur, digərləri isə televiziyanın sosial şəbəkə mediasından geridə qalması riski barədə fikirləşirlər. Nəticədə neçə illərdir qaçılmaz yeniliklərlə “əbədi funksionallıq qaynağı” olan klassiklər arasında müasir televiziyanı inkişaf tendensiyaları ətrafındakı “Nə etməli?” sualı aktual olaraq qalır. Həm kütləvi kommunikasiya tədqiqatçıları, həm də müasir televiziya kanallarında çalışan praktiklər arasında mübahisə və müzakirələrə səbəb olan bu sualın hər iki tərəfdən eşidilən cavabları nə qədər arqumentli səslənsə də, yaranmış situasiyada dominantlıq ab-hava yaratmaqdan uzaq görünür.
Müasir telekanalların proqramlaşdırılması prinsiplərinin dəyişdirilməsi, dominant yayım şəbəkəsinin strukturlaşdırılması üçün reytinq yanaşması siyasətində media bazarına əsaslı təsir edən tendensiyaların dəyişməsi qaçılmazdır. O dəyişilkliklərdən yayınmaq intuitiv olaraq ortaya çıxan gerçəklik effektini saxlayır və bunun bariz ifadəsinin necə baş verdiyini yetmiş və yüz yaşını qeyd edəcək Azərbaycan Televiziyası və Radiosunun nümunəsində müşahidə edilir.
“Böyük dövlət xadimlərinin fəaliyyət izi hər bir xalqın həyatının bütün sahələrində özünü göstərir”- deyimini xatırlatmaqla onu qeyd etmək yerinə düşər ki, Ana Televiziyamızın inkişafında yaddaqalan hadisələr Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dönəmə düşür. O vaxtkı Azərbaycanının ictimai-siyasi və mədəni həyatında yeni texniki vasitə olaraq daxil olan Azərbaycan Televiziyası təkcə xalqımızn keçmiş şərəfli tarixinin ən parlaq səhifələrinin təbliği ilə məşğul olmur, həm də milli- mənəvi dəyərlərimizin, yetişən gəncliyin şüurunda özünə yuva qurmasında başlıca missiyanı yerinə yetirirdi.
Azərbaycan Televiziya və Radiosu keçdiyi yolda qazanılan zəngin təcrübəsi ilə yaratdığı, milli dəyərlər, dövlətçilik təfəkkürü əsasında yaradılmış məktəbə çevrilib və bu gün də ölkənin televiziya məkanında aparıcı rolunu saxlamaqdadır. İstər özünün maddi-texniki bazasının zənginliyi, istərsə də uzun illərdən bəri formalaşan ən yaxşı ənənələr əsasında yetişən peşəkar yaradıcı heyəti ilə AZTV rəngarəng mövzuları, təqdimat formaları ilə seçilən, teleməkanda öz auditoriyasını qazanan, gizlətmədiyi iddiaları ilə inkişaf yolunda yeni addımlar atan, gündən-günə mövqelərini möhkəmləndirməkdə olan quruma çevrilməkdədir. Ölkəmizin Prezidenti cənab İlham Əliyevin hamiliyi ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin bazasında 2009-cu il fevral ayının 1-də yaradılan “İdman”, 2011-ci il fevral ayının 14-də təsis olunan “Mədəniyyət” telekanallarının fəaliyyətinin, xüsusilə, Azərbaycan Televiziyasında zamanın tələblərinə uyğun olaraq aparılan islahatların nəticəsidir ki, onun efirində təqdim edilən, müxtəlif formatlarda və aktual mövzularda hazırlanan proqramlar nəinki tamaşaçıların maraqla qarşıladıqları, həmçinin etimad göstərdiyi verilişlərə çevrilib. Bu sırada İctimai-siyasi proqramlar Studiyasının hazırladığı, ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda baş verən aktual ictimai-siyasi hadisələrin təhlil olunduğu “Həftə”, ölkədə baş verən diqqətçəkən məsələlər üzərində qurulan və aparıcıların qonaqlarla birlikdə baş verən hadisəni canlı olaraq müzakirə olunduğu “Hədəf”, “Sözümüz İmzamızdır”, “Tarixin oyunu”, Telesəhər”, “Meqalayihə-Azərbaycan”, “Bərəkətli olsun”, “Kökümüz”, “Səssiz səslər”, “Sərvətimiz…” və digərləri ancaq informativ deyil, həm də maarifçilik yükü olan proqramlardandır. Hər gün 11 dəfə–08:00, 09:00, 10:00, 12:00, 14:00, 16:00, 16:30 (iqtisadiyyat), 18:00, 19:00 (region), 20:00, 00:00-da efirə çıxan “AZTV XƏBƏR” proqramının ancaq ölkə daxilində deyil, həmçinin ölkə xaricində də stabil auditoriyası olması informasiyanın operativ və peşəkarlıqla çatdırılması ilə izah oluna bilər.
Göründüyü kimi, Azərbaycan Televiziyasının şəxsində biz teleməkanımızda müsbət dinamikanı yaşayır və bu istiqamətdə zamanın müasir çağırışlarına qoşulma prosesini müşahidə edirik. Bu kontekstdən 2026-cı ilin fevral ayında Prezident cənab İlham Əliyevin sədrliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirənin nəticəsi olaraq rəqəmsal inkişaf üzrə Fəaliyyət Planının təsdiqlənməsini, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılmasını bu yönümdə dövlət siyasətinin praktik gələcəyinə hesablanır. Şuranın ilk iclasında qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret Yol xəritəsinin müəyyən olunduğunu bildirən Birinci vitse-prezident bəyan etdi: “Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir”.
Media diskursunun diqqətəlayiq mövzularından birinə çevrilmiş konvergensiya indi müxtəlif kontekstlərdə-sənaye hadisəsi kimi, təşkilati və idarəetmə qərarlarının məcmusu kimi, jurnalist fəaliyyətinin yeni xüsusiyyəti, yeni medianın yaranması üçün ilkin şərt kimi nəzərdən keçirilir. Əlbəttə, bunlar müsbət amillərdir ancaq o halda ki, insan faktorunun dünyanı bürüyən “süni intellekt dövründə” belə ikinci plana keçəcəyi ilə bağlı yanlış təsəvvürlərin illüziyasında qalmayaq. Bu gün müşahidə edilən ən böyük yanlış təsəvvür ondan ibarətdir ki, guya Sİ sadəcə yeni bir texnologiyadır. Əslində isə o, mətbəənin XV əsrdə, radionun XX əsrin əvvəllərində və internetin XX əsrin sonlarında yaratdığı qədər böyük bir kommunikasiya inqilabıdır. Bu səbəbdən onun mətbuata və xüsusilə televiziyaya təsiri təkcə texniki deyil, həm də fəlsəfi, etik, iqtisadi və mədəni olacağı şübhəsizdir.
Son yüz ildə televiziya əsasən xəbərin çatdırılması funksiyasını yerinə yetirib, günümüzdə isə xəbər artıq saniyələr ərzində sosial şəbəkələrdə yayılır. Sabah onu süni intellektin yazacağı şübhəsizdir. Belə olan halda televiziya niyə lazımdır?
Onu da əminliklə deyək ki, gələcəyin televiziyası xəbəri yox, xəbərin mənasını izah edəcək. Məsələn, əvvəl televiziya deyirdi: “Filan ölkədə fian hadisə baş verdi”
Gələcəyin televiziyası isə deyəcək: bunun geosiyasi nəticəsi nə olacaq, iqtisadiyyata təsiri nədir, region üçün hansı riskləri yaradır, tarixi analoqları hansılardır? Bu isə o deməkdir ki, faktdan çox interpretasiya ön plana çıxacaq və ona görə bizə elə gəlir ki, XXI əsrin ikinci yarısının ən böyük media problemi Sİ-nin televiziya dilini necə dəyişməsi, aparıcının psixoloji rolunun necə transformasiya olunması, etimadın hansı yeni mexanizmlərlə qurulacağı, süni intellektin jurnalistikanın etik sərhədlərini necə dəyişdirəcəyi, milli televiziyaların qlobal alqoritmlər dövründə öz kimliyini necə qoruya biləcəyidir. Ortaya çıxan “Süni intellekt insanı əvəz edəcəkmi?”- sualı isə “Süni intellekt insanı deyil, insanın mexanik fəaliyyətini əvəz edəcək, amma o, insanı daha yaradıcı, daha məsuliyyətli və daha etik olmağa məcbur edəcək. Əgər jurnalistin üstünlüyü yalnız xəbəri oxumaqdırsa, onu alqoritm əvəz edə bilər, yox, əgər onun üstünlüyü həqiqəti anlamaq, kontekst qurmaq, mürəkkəb hadisələrə mənəvi və mədəni məna verməkdirsə, onda onun rolu daha da artacaq. Mütəxəssislərin barəsində polemikaya girdikləri digər məsələ- “Gələcəyin ən böyük media kapitalı nə olacaq?” barədə isə tərəddüdsüz belə demək olar: O, nə texnologiya, nə də sürət yox, etibar və mənalandırma qabiliyyəti olacaq. İnsanlar informasiyadan yorulacaqlar, amma doğru izahı, dürüst analizi və vicdanlı sözü həmişə axtaracaqlar. Şübhəsiz ki, televiziya məhz bu keyfiyyətləri qoruyub inkişaf etdirə bilsə, süni intellekt dövründə də cəmiyyət üçün əvəzolunmaz institut olaraq qalacaq. Gələcəyin ən böyük jurnalisti nə ən sürətli adam, nə məşhur aparıcı, nə gözəl nitq sahibi yox, etibarlı insan olacaq. Fikrimizi əsaslandırmaq üçün xatırladaq ki, əgər McLuhan televiziyanı “soyuq media” adlandırırdısa, gələcəyin televiziyasını “empatik media” adlandıran insanların sayı az deyil. Bu qənaətin mənbəyi isə budur: çünki süni intellekt mətn yaza, səs yarada, video hazırlaya bilsə də, insanın yaşadığı hissi yaşaya bilmir. Empatiya hələ də insanın üstünlüyü olaraq qalmaqdadır. Deməli, gələcəyin televiziya aparıcısı əslində, emosional etibarın memarı olacaq. Onu isə hər birimiz unutmamalıyıq ki, televiziyaya münasibət bildirən mütəxəssislər bu mövzuya yalnız media tədqiqatçısı kimi yox, mədəniyyət tədqiqatçısı kimi görünürlər. Bu, çox vacib fərqdir, çünki televiziya sadəcə texnologiya deyil, xalqın kollektiv yaddaşı, danışıq tərzi, onun estetik zövqü, etikası, gündəlik həyat fəlsəfəsidir. Əgər televiziya dəyişirsə, əslində cəmiyyətin özünü danışdırma üsulu dəyişir. Süni intellektin idarə olunması və inkişafı ilə bağlı çoxları belə sual verir: “İnsan nəyi itirəcək?”, lakin “İnsan nəyi daha çox qorumalı olacaq?” sualı daha aktual görünür. Biz o sualın cavabını belə görürük: həqiqəti, vicdanı, mərhəməti, məsuliyyəti, mədəni yaddaşı, ana dilinin incəliklərini, canlı ünsiyyətin istiliyini qoruaq onun başlıca qayğısına evriləcək”.
Texnologiya nə qədər inkişaf etsə də, bunlar yalnız texniki bacarıqlar deyil, insani keyfiyyətlərdir. Onları qorumaq isə jurnalistikanın, televiziyanın və ümumilikdə mədəniyyətin əsas missiyası olaraq qalacaq. Bir sözlə, texnologiya medianın formasını dəyişə bilər, amma onun mənəvi missiyasını yalnız insan müəyyən edir.”
Prezident cənab İlham Əliyevin iştirak etdiyi və dünyanın aparıcı nəşrlərində geniş işıqlandırılan IV Şuşa Qlobal Media Forumunun proqramına və müzakirələrinə baxanda görünür ki, onun mərkəzi mövzusu süni intellekt, dezinformasiya, etimadın bərpası, rəqəmsal platformaların təhlükəsizliyi və strateji kommunikasiyadır. Forumun mahiyytini özündə ehtiva edən mövzusu buna görə təsadüfi seçilməmişdi: “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması”. Buna görə idi ki, Forumun mövzularında “etimad” sözü çox işlənirdi. Bu, təsadüfi deyil, çünki gələcəyin problemi informasiya qıtlığı yox, etibar qıtlığıdır. Bu baxımdan Forumun əsas mesajı belə səslənir: Media gələcəkdə diqqət uğrunda yox, etibar uğrunda rəqabət aparacaq. Bu, çox ciddi münasibət dəyişikliyi kimi görünür, amma daha çox televiziyanın antropoloji böhranıdır. Bəlkə də bu ifadə bir qədər qəribə səslənsə, də etiraf edək ki, əlli il ərzində televiziya insanın gözünə, qulağına, emosiyasına xitab edirdi. Süni intellekt isə insanın düşünmə prosesinə daxil olur. Bu, tamamilə başqa mərhələdir. Artıq söhbət kommunikasiyadan yox, koqnitiv əməkdaşlıqdan gedir.
O əməkaşlığın konturlarına diqqət yetirəndə istər-istəməz “Sİ-dən istifadə etməklə Azərbaycan televiziyasının milli üslubunu necə qoruyaq?”- sualı ilə baş-başa qalırıq. Əlbəttə, alqoritm Azərbaycan dilində çox gözəl danışa bilər, amma Sİ Azərbaycan düşüncə tərzini, Azərbaycan yumorunun incə çalarlarını, kənd məclisinin nəfəsini, muğamın sükutunu, Mirzə Fətəlinin fəlsəfəsindəki narahatlıqların dərdə çevrilməsini, Hüseyn Cavid romantizinin can atdığı mənzili, Cəlil Məmmədquluzadənin ironiyasını, Üzeyir Hacıbəyov jurnalistikasındakı sarkazmı və Millətin inkişafı üçün ən vacib digər komponentləri ortaya qoymaq üçün mütləq həmin Millətlə üzvi bağlı olmaq lazımdır. Bu, daxili tələbatdırsa, insan faktorunun yeri minillər olduğu kimi aktuallığını saxlayacaq. Onun üçün də yazımızı fransalı filosof və paleontoloq Pierre Teilhard de Chardinin fikirləri ilə bitirmək istədik: “Texnologiya insanı böyütmür. O, yalnız insanın daxilində olanı daha da görünən edir. Əgər cəmiyyət vicdanlıdırsa, texnologiya bunu gücləndirəcək, etibarı itiribsə, texnologiya həmin böhranı daha da dərinləşdirəcək”.
Elməddin QULİYEV,
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin şöbə rəisi