Azərbaycanla Gürcüstan arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarında elektron icazə (E-Permit) sisteminin tətbiqinə başlanılıb.

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, bununla bağlı razılıq cari il aprelin 8–9-da Bakıda keçirilən Azərbaycan–Gürcüstan Beynəlxalq Avtomobil Əlaqələri üzrə Qarışıq Komissiyanın iclasında əldə olunub. Razılaşmaya əsasən, hər iki ölkənin aidiyyəti qurumlarının nümayəndələrindən ibarət işçi qrup mayın 1-dən etibarən sistemlərin inteqrasiyası istiqamətində texniki işlərə başlayıb. Aparılan işlər nəticəsində proses uğurla yekunlaşıb.

İnteqrasiya prosesinin tamamlanmasından sonra tərəflər arasında elektron icazə blanklarından istifadə edilməklə ilk pilot daşımalar həyata keçirilib. Pilot mərhələnin uğurlu nəticələrinə əsasən, sistemin aktiv tətbiqinə keçid məqsədilə ilkin olaraq tərəflər arasında 1000 ədəd ikitərəfli, 1000 ədəd tranzit və 1000 ədəd üçüncü ölkə elektron icazə blankı mübadilə edilib. Hazırda həmin elektron icazə blanklarının daşıyıcılara təqdim edilməsinə başlanılıb.

Beləliklə, Gürcüstan Azərbaycanın elektron icazə (E-Permit) sistemini tətbiq etdiyi beşinci ölkə olub. Daha əvvəl bu sistem Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstanla uğurla həyata keçirilib. Daşıyıcılar AYNA-nın e-xidmət portalı vasitəsilə elektron icazə blanklarını olduqları yeri tərk etmədən, günün 24 saatı, həftənin 7 günü tam avtomatik rejimdə əldə edə bilərlər.

Yeni sistem daşıyıcılara icazə blanklarını məsafədən və operativ şəkildə əldə etmək imkanı yaratmaqla yanaşı, beynəlxalq yük daşımalarında inzibati prosedurların sadələşdirilməsinə, kağız sənəd dövriyyəsinin azaldılmasına və nəqliyyat sahəsində rəqəmsallaşmanın genişlənməsinə mühüm töhfə verəcək.